27 İyun 2014 20:53
844
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın baş naziri yeni, universal hakimiyyət qurmaq niyyətindədir.

Teleqraf.com xəbər verir ki, Məlikinin sözlərinə görə, yeni hökumətə hətta mötədil sünniləri belə cəlb edəcək. Bu barədə baş nazirin rəsmi nümayəndəsi, Zühair əl-Nahar bildirib. Nümayəndə bildirib ki, Məliki İraq siyasətində tamamilə fərqli siyasi kursu olan yeni sima görmək istəyir. Eyni zamanda, əl-Nahar qeyd edib ki, baş nazir öz səlahiyyətlərini dərk edir və istefaya getmək niyyəti yoxdur. Əl-Məlikinin bu bəyanatından sonra, baş nazirə qarşı təzyiqlərin artdığı bildirilir.

Ölkənin ali ruhani rəhbəri olan Ayətulla Əli Əl-Sistani baş nazirin parlament, prezident və parlament spikeri seçilməsi ilə bağlı bəyanatını dəstəkləsə də, hökumətdə olan şiələr Məlikinin bu addımını dəstəkləmir. Yeni hökumət quracağı ilə bağlı bəyanat verdikdən sonra, bir çox şiə müttəfiqini itirən Məliki isə fövqəladə hökumətin təşkilini rədd edir. O, bunu ölkə konstitusiyasına və aprelin 30-da keçirilən parlament seçkilərinə zidd adlandırır.

İraqın baş nazirinin aqibəti gələn həftə ABŞ dövlət katibi Con Kerri və Səudiyyə Ərəbistanının kralı Abdullanın Riad arasında keçiriləcək görüşdə müzakirə mövzusu olacağı gözlənilir.

Bu arada ötən gün Fransanın xarici işlər naziri Loren Fabye Parisdə ABŞ dövlət katibi Con Kerri ilə görüşüb. Fabye İraqın ağır vəziyyətdə olduğunu və çıxış yolunun iraqlıların birliyində gördüyünü deyib. Suriya və İran İraqda nəzarəti ələ almağa çalışan sünni silahlıları ilə mübarizəyə qoşulub.

İraqın baş naziri Nuri Əl-Məlikinin sözlərinə görə, Suriyanın döyüş təyyarələri İraq-Suriya sərhədi boyunca terrorçuları hədəfə alıb. Verilən məlumata görə, İran şiələrin rəhbərlik etdiyi Bağdad hökumətinə dəstək nümayiş etdirir. İŞİD-lə hökumət qüvvələri arasında toqquşmaların başladığı ilk günlərdə, rəsmi Tehran İraqa tonlarla hərbi avadanlıq və kəşfiyyat təyyarələri göndərib. Suriya və İranın İŞİD-ə qarşı mübarizəsi Əsəd rejiminin əleyhinə olan və İranın mübahisəli nüvə proqramı ilə danışıqları davam etdirən ABŞ-ın maraqlarına ziddir.

ABŞ prezidenti İraq hökumətinə hərbi koordinasiya işlərində yardım məqsədi ilə 300 hərbi məsləhətçini göndərib. Hazırda Amerikanın 30 pilotsuz və bir neçə pilotlu təyyarələri İraq üzərində kəşfiyyat əməliyyatları həyata keçirir.


Müəllif: