22 Aprel 2014 18:51
849
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın işğalı altında olan Ukrayna torpağı Krımda 3427 nəfər Rusiya vətəndaşlığından imtina edib. “Media forum” saytının məlumatına görə, Rusiya Federal Miqrasiya Xidməti rəhbərinin müavini Sergey Kalyujnı aprelin 22-də belə açıqlama verib.

Miqrasiya Xidmətinə 3427 krımlının ərizəsinin daxil olduğunu deyən Kalyujnı Rusiya vətəndaşlığından imtina müddətinin uzadılmayacağını bildirib: “Hesab edirəm ki, bu, sonuncu rəqəmdir. Rusiya vətəndaşlığından imtina müddətinin uzadılması qanunda nəzərdə tutulmayıb. Ona görə də kim Ukrayna vətəndaşlığını saxlamaq istəyirdisə, aprelin 18-nə qədər müvafiq ərizəni təqdim etməliydi”.

Fevralın üçüncü ongünlüyündə Krımın hərbi-siyasi işğalına nail olan Rusiya prezidenti Vladimir Putin martın 18-i Moskvada bu bölgənin separatçı rəsmiləri ilə müqavilə imzalayıb. Krım Muxtar Respublikası və Sevastopol şəhərinin Rusiya Federasiyasına birləşməsini nəzərdə tutan həmin müqavilənin bir şərti də belədir:

- Krımda və Sevastopolda yaşayan Ukrayna vətəndaşları və daimi yaşayıb vətəndaşlığı olmayan şəxslər Rusiya vətəndaşı hesab olunur. Bir ay ərzində indiki vətəndaşlığını saxlamaq və vətəndaşlığı olmayan şəxs statusunda qalmaq istəyi ilə müraciət edənlər istisnadır.

“Media forum” saytı bildirir ki, hazırda Krımın 2 milyona yaxın əhalisi var. 2013-cü ilin statistikasına görə, Krımda əhalinin 58,5 faizi ruslar, 24,1 faizi ukraynalılar, 12,1 faizi tatarlardır.


Müəllif: