23 Aprel 2014 17:09
816

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan 1915-ci il hadisələrinin növbəti ildönümü ilə əlaqədar olaraq bəyanat yayıb. Bəyanat Türkiyə baş nazirinin rəsmi saytında dərc olunub.

Baş nazirin sözlərinə görə, 1915-ci il hadisələrinin ildönümü ilə əlaqədar olan düşüncələrin sərbəst şəkildə ifadə edilməsi üçün yaxşı fürsətdir: “Osmanlı İmperiyasının son illərinin türk, kürd, ərəb, erməni və digər millətlərdən olan milyonlarla Osmanlı vətəndaşı üçün acılarla dolu çətin bir dövr olduğu danılmaz həqiqətdir.

Ədalətli və vicdanlı bir mövqe, insanların dini və etnik mənşəyinə fərq qoyulmadan o illərdə yaşanmış bütün bəlaların dərk olunmasını tələb edir.

O dövrdə ermənilərin də Osmanlı İmperiyasının vətəndaşları olaraq, yaşadıqları bəlaların xatirəsinin anılmasını anlamaq və bölüşmək hər birimizin insanlıq vəzifəsidir.

1915-ci il hadisələrinin Türkiyə əleyhdarlığı üçün bir bəhanə kimi istifadə edilməsi və siyasi mübarizə vasitəsinə çevrilməsi qəbul edilə bilməz.

Birinci Dünya savaşı dövründə yaşanan hadisələr hamımızın ortaq acısıdır. Hər din və millətdən olan milyonlarla insan həyatını itirmiş bu müharibə əsnasında kütləvi köçürülmə ilə nəticələnən hadisələr, bu gün türklərlə ermənilər arasında normal münasibətlərin qurulmasına əngəl olmamalıdır.

Müasir dünya tarixdən düşmənçiliyi çıxarmalıdır. Yeni qarşıdurmalar yaratmaq qəbuledilməzdir və ortaq gələcəyimizin inşası baxımından qətiyyən yararlı deyil.

Zamanın ruhu anlaşılmazlıqlara rəğmən danışa bilməyi, qarşıdakını dinləyərək anlamağa çalışmağı, ortaq nöqtələrin axtarışını və nifrəti rədd edərək hörməti, tolerantlığı zəruri edir.

Türk, erməni və beynəlxalq tarixçilərin aparacağı araşdırma 1915-ci il hadisələrin öyrənilməsində və tarixin düzgün anlaşılmasında önəmli rol oynayacaq. Biz arxivlərimizi bütün tədqiqatçıların istifadəsi üçün açdıq. Bu gün arxivlərimizdə olan yüz minlərlə sənəd tarixi tədqiqatçıların ixtiyarına verilib. Türkiyə gələcəyə güvənlə baxan bir ölkə olaraq tarixi faktların düzgün qiymətləndirilməsi və şərh olunması üçün geniş elmi tədqiqatların aparılmasını dəstəkləyib”.

Bəyanatın sonunda baş nazir XX əsrin əvvəllərində həyatlarını itirmiş ermənilərin nəvələrinə başsağlığı verməklə yanaşı, həmin dövrdə həlak olan bütün Osmanlı vətəndaşlarını hörmət və rəhmətlə anıb.


Müəllif: