27 Aprel 2017 15:49
4 785
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tərəflərin yaş fərqi böyükdürsə, deməli, sevgi ilə evləniblər, sevgi çox şeyin üstündən xətt çəkə bilir. Bunu öz təcrübəmdən deyirəm, xanımım məndən 30 yaş kiçikdir.

Bu sözləri Teleqraf.com-a açıqlamasında şair Murad Köhnəqala günlərdir müzakirələrə səbəb olan Fransa prezidentliyinə namizəd Emmanuel Makronun özündən 25 yaş böyük qadınla evlənməsi məsələsindən danışarkən deyib.

Şairin fikrincə, evlilikdə yaş fərqinin fantastik rəqəmdə olması həmin birliyin sevgi üzərində qurulmasının göstəricisidir: “Fransadakı seçkilərdə Makronu ən səmimi namizəd hesab edirəm. Seçilərsə, ölkəni öz sevdiyi xanımı ilə idarə edəcəyinə də inanıram. Fikrimcə, qadınlar kişilərdən daha humanistdirlər. Çünki qadınlarda analıq kimi incə duyğu var, hər halda qəddar olmurlar. Sevdiyi insanla xoşbəxt yaşayan qadın isə heç vaxt pis idarəçi olmaz”.

Publika.az xəbər portalının baş redaktoru, teletənqidçi Elçin Əlibəylinin sözlərinə görə, Fransa mahiyyət etibarı ilə Avropada avanqardın vətəni rolunu bir neçə əsrlərdir yaşayır, qanlı və mədəni inqilablar, bütün novatorluq məhz bu ölkədən yayılır və əsasən də mühafizəkarlığın rəngini dəyişmək istəyir:

“Makron yaşıdımdır və o, Fransanı fərqli görmək istəyir, sosialist liberal dəyərlərlə yanaşı, sərt siyasi çıxışları ilə yadda qalır. Fransa tarixində ən gənc prezident olacaq bu şəxs müəllimi ilə evləndiyindən yəqin idarəçilikdə də ona dərs keçəcək. Diqqət etsək, görərik ki, Fransaya rəhbərlik etmiş şəxslərin çox azının ailə baxımından bəxti gətirib. İndiki halda məncə, fransız dili dərsi çox çəkəcək, amma seçkidən sonra boşanma performansı da ola bilər. Belə nümunə artıq sınaqdan keçirilib”.

Azvision.az xəbər portalının baş redaktoru Vüsal Məmmədov isə hesab edir ki, Makronun 64 yaşlı Bricit Tronye ilə evliliyi normal hal deyil:

“Mən belə başa düşürəm ki, Makron herontofildir. Yəni psixoloji patalogiyası var. Maksim Qalkin kimi. Əks halda, normal kişinin özündən 25 yaş böyük qadına seksual həvəs göstərməsini təsəvvür edə bilmirəm. Yəqin ki, Makron uşaqlıqda anası ilə bağlı hansısa sarsıntı keçirib, yaxud ana istiliyi hiss eləməyib, bu çatışmazlıq da sonradan patalogiyaya çevrilib. Əgər belədirsə, onda o cür kişilər arvadlarına daha çox ana kimi yanaşırlar və Makronun da həyat yoldaşının haqqında sanki oğlan uşağı anası barədə danışırmış kimi danışmağını normal hesab edirəm. Ümid edirəm, madam Tronye gecələr Emmanuelin üstünü yaxşı örtür, soyuq döşəmədə ayaqyalın gəzməyə də qoymur. Bir sözlə, uşağa yaxşı baxır”.

Publisist Həmid Herisçi isə düşünür ki, Makron prezident seçilməyəcək:

“Çünki həm xanım Tronyeyə, həm də Makrona qarşı ciddi kompromatlar çıxacaq və nəticədə onun həyat yoldaşı prezident olmayacaq. Tramp nümunəsindən sonra dünyadakı seçkilərin bir çoxu sürprizlərlə yadda qalır. Fransa bu sürprizlərin növbəti halqası olacaq. Seçki yaxınlaşanda partlayıcı qurğular işə düşür. Marin Le Pen Rusiya Prezidenti Putinin Avropadakı bir nömrəli favoritidir. Onun Rusiyanın Parisdəki səfiri Aleksandr Orlovla çox ciddi əlaqələri var. Rusiya hökuməti özü Marin Le Penin arxasında durub, onu irəli itələyir, lazım gələndə Makronun əleyhinə elə ciddi kompromatlar üzə çıxacaq ki, o, ikinci turda qalib olmayacaq və səslərin böyük əksəriyyəti Le Penə gələcək. Bu, Kremlin siyasətidir. Orlov dəfələrlə Le Peni Rusiya səfirliyində qəbul edib, hətta rusiyayönlü telekanal da açıblar. Mən daha çox Marin Le Penin qələbəsinə inanıram. Putin xarici siyasi fiqurları əvvəlcədən təyin edib onların qələbə çalmasına yardım edir. Putinin öz dəsti-xətti var, onun KQB-də gizli ayaması, kod ismi “güvə” olub. O, xaricdə çox perspektivli siyasi xadimi tapıb yaşıl işıq yandırır, eyni ssenari ilə hakimiyyətə gətirir. Tramp seçki yaxınlaşdıqca birdən-birə dedi ki, Barak Obama onun danışıqlarını dinləyir, kompromatlar ortaya çıxdı. Həmin metod Marin Le Penlə də bağlı həyata keçəcək. Fransada qadına münasibət daha lirik və məzmunludur. Orada Janna Dark nümunəsi var. Kimsə Azərbaycan mass-mediasına Makron fiqurunu dürtür. Ancaq Makron seçkidə udmayacaq”.

Yazar Xanəmir Telmanoğlu uşaq vaxtı özündən 20-25 yaş böyük bir müəlliməyə vurulduğunu söyləyib:

“Əgər mənim uşaqlığımı və hər bir kişinin “varlıq ehtiyatında” uşaqlıq potensialının qaldığını nəzərə alsaq, həyatda özündən 25 yaş böyük qadınla evli olmağa göz yummaq olar. Ancaq bildiyim qədərincə, Makron kifayət qədər həyatını hesablamış, özünü bir çox məsəllərlə taleyinin adından “sığortalamış” siyasətçidir. Peyğəmbərimiz də ilk evliliyində özündən 15 yaş böyük xanımla ailə qurmuşdu. Makron Hollandiyanın iqtisadiyyatına qatqıda bulunan bir isimdir. Məncə, dünyanı və cəmiyyəti ciddi şəkildə dərk eləmiş, praqmatik düşünmə qabiliyyəti olan kişilər var ki, onlar qadına bədən, sima ecazkarlığıyla deyil, ağıl, səviyyə, mədəniyyət uyuşumuyla yaxınlaşır və ailə qurur. Əgər başqa bir planı, oyunu, əllaməçiliyi yoxsa, o kişilər evləndiyi qadında anasını, ya da anasının doğmalığını görür. Eləcə ailəliyə gedən yola da bu doğmalıqdan girir. Məncə, belə bir xəstəlik var, tutqu mövcuddu bəzi insanlarda. Buna qeyri-əxlaqi yanaşanlar da var”.

Makronun çıxışlarında xanımını öz qələbəsinin ortağı saymasına gəlincə, yazar bir zamanlar insanların hakimiyyət kürsüsünə tək sahib olmağı sevdiyini xatırladıb: “Zaman keçdikcə hakimiyyət də, padşahlıq da, krallıq da öz təsiretmə ehkamını itirməyə başlayır. Nə vaxtsa bəşəriyyət qanunların və hakimiyyətlərin olmadığı bir sistemə imza atacaq. Elə bu cümlə və düşüncə bəs edir ki, psixoloji səxavətiylə insanların öz təkliyindən bir kimlik kimi yararlanmasına, milyonların qarşısında özünü görə bilmə imkanlarına (lider kimi) zərbə vursun. Dövlət də ailə kimidir. Onu tək kişi deyil, kişiylə-qadın birgə idarə etməlidir. Niyə fikrimizi əsaslandıranda dövləti ailəyə bənzədə bilirik, ancaq dövləti subay kimi idarə edirik. Yəqin yaxın gələcəkdə insan varlığının dərinliklərini və gizlinlərini öyrənən elmlər hakimiyyətə namizədliyini verən adamlardan ailəvi, cütlük şəklində namizədliklərini irəli sürmələrini təklif, ya tələb edəcəklər. Bu da onu göstərir ki, indiyə kimi müxalifət qüvvələri partiya və təşkilat şəklində var idisə, indi o müxalifət uzaqda deyil, elə hakimiyyətin “tərkibində törəyir”. Yəni partiyalar, təşkilatlar öz fəlsəfi missiyasını bu şəkildə təzahür etdirə bilir. Bəli, bu şəkildə gizli və böyük deyə biləcəyimiz əvəzlənmələr baş verdiyinə də artıq inanmalıyıq”.

Qeyd edək ki, Fransada prezidentliyə namizəd Emmanuel Makronun həyat yoldaşı 64 yaşlı Bricit Tronyenin ondan 25 yaş böyük olması media və sosial şəbəkələrin əsas müzakirə mövzularındandır. Makron birinci turda qalib gəlib və onu potensial prezident sayırlar. Makron bütün çıxışlarında, “əgər seçilsəm” yox, “əgər seçilsək” deyir, xanımını öz qələbəsinin ortağı sayır. Proqnozlar özünü doğrultsa, 39 yaşlı Makronun adı Fransa tarixinə ən gənc prezident kimi yazılacaq.

Nərgiz


Müəllif: