28 Aprel 2017 09:16
1 000
12 Punto 14 Punto 16 Punto 18 Punto

İki gün əvvəl Azərbaycanla Rusiya arasında imzalanmış hərbi-texniki əməkdaşlıq müqaviləsinə əsasən Rusiyadan ölkəmizə silah-sursat və müxtəlif təyinatlı müasir hərbi texnikanın növbəti partiyası gətirilib.

Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, gəmilər vasitəsilə Bakıya çatdırılan hərbi təyinatlı yeni məhsullar ekspertlərin iştirakı ilə təhvil alınaraq, aidiyyəti hərbi hissələrə veriləcək. Həmin silah-sursat və hərbi texnikanın ən qısa zamanda Silahlı Qüvvələrimizin bölmələrinin silahlanmasına daxil edilməsi və döyüş tətbiqinə tam hazır vəziyyətə gətirilməsi təmin ediləcək.

Yeni silah və hərbi texnikanın tətbiqi üzrə mütəxəssislərin hazırlığı rusiyalı təlimatçılar tərəfindən həyata keçiriləcək. Bundan başqa, istifadədə olan silah və texnikanın ən yeni texnologiyaların tətbiqi ilə mərhələlərlə modernizə edilməsi prosesi də davam etdirilir.

Aprelin 26-da ictimaiyyətə təqdim edilən silah və texnikanın Müdafiə Nazirliyinin aldığı silahların hamısı yox, cüzi hissəsi olduğunu deyən ehtiyatda olan polkovnik-leytenant Mirşamil Hadıyev alınan silah və texnologiyaların hamısının nümayişinin təhlükəsizlik baxımından yolverilməz olduğunu bildirib. Onun sözlərinə görə, bu silah və texnika paradda nümayiş etdirmək, ya da sıra baxışı üçün alınmayıb. Bunlar konkret olaraq, döyüşdə istifadə edilmək və düşməni məhv edərək torpaqlarımızın azad edilməsi üçün alınıb:

"Əminəm ki, aldığımız texnika və silahlar tezliklə bu müqəddəs vəzifənin icrası zamanı istifadə olunacaq. Alınan yeni silah və hərbi texnikanın tez bir zamanda mütəxəssislər tərəfindən mənimsənilərək döyüş bölgələrində yerləşən bölmələrimizin silahlanmasına verilməklə aktiv döyüşlər zamanı şəxsi heyətin döyüş imkanlarının daha da güclənməsini təmin etmiş olacaq. Hesab edirəm ki, istifadədə olan silah və texnikanın ən yeni texnologiyaların tətbiqi ilə mərhələlərlə modernizə edilməsi prosesi də Silahlı Qüvvələrimizin qarşısında qoyulan tapşırıqların uğurla yerinə yetirilməsinə öz töhfəsini verəcək. Hər kəs görür ki, Azərbaycan Ordusu həm texniki təchizat, həm döyüş qabiliyyəti baxımından dünya miqyasında güclü ordular sırasında öz yerini inamla tutmaqda davam edir və ordumuz bu yeniliklərin nəticəsi olaraq istənilən hərbi vəzifəni icra edə bilər və edəcək”.

Ehtiyatda olan polkovnik-leytenant, hərbçi-ekspert Üzeyir Cəfərov isə Şərq.az-a açıqlamasında BTR-82AM markalı zirehli transportyorun sırf döyüş texnikası olduğunu desə də, Azərbaycanın qərarına uyğun istifadə olunacağını da əlavə edib. Yəni ekspertin fikrincə, sözügedən texnikanın paradda nümayişi və ya təlimlərdə istifadə olunması da istisna deyil.

Ü.Cəfərovun sözlərinə görə, Rusiyadan BTR 82 AM zirehli texnikasından əlavə ordumuz üçün çox lazım olan digər növ sursat və döyüş texnikaları da alınıb:

"Müdafiə Nazirliyi bəyanat yayandan sonra bir çoxları fikirləşdi ki, Azərbaycan yenə də Rusiya istehsalı olan silahlarla öz arsenalını gücləndirir. Bizim Rusiyadan silah almağımız ölkələrarası münasibətlərə, imzalanan müqavilələrə dayanır. Rusların silahından asılı deyilik. Azərbaycan Rusiya ilə yanaşı, Türkiyədən, Pakistandan, Çindən, İsraildən, İrandan, Ukraynadan da silah-sursat alır. Əksinə, əvvəlki illərə baxanda Moskva ilə silah ticarətimizin faizi xeyli aşağı düşüb”.

Ehtiyatda olan polkovnik-leytenantın qənaətincə, Xəzər dənizi vasitəsi ilə Rusiyadan Azərbaycana gətirilən ağır texnikalar cəbhə bölgəsindəki hərbi hissələrə göndəriləcək:

"Həmin silahın alınmasında məqsəd Azərbaycan Silahlı Qüvvələrinin hərbi hissə birləşmələrindəki köhnə texnikanı yeniləri ilə əvəz etməkdən ibarətdir. Bildiyim qədəri ilə də onlar artıq ünvanlarına çatdırılıb.
Həm də ki, müdafiə və təhlükəsizliyimiz üçün vacib olan bu avadanlıqlar yeni olduğu üçün onların keyfiyyət göstəriciləri də əvvəlkilərdən tam fərqlidir. Müasir tələblərə tam şəkildə cavab verən zirehli texnikanın üzərində istifadəçinin istəyinə uyğun bütün növ atıcı silahları yerləşdirmək mümkündür”.

BTR-82AM markalı zirehli transportyorundan Ermənistanda cüzi sayda olduğunu vurğulayan ekspert deyib ki, olanlar da Rusiyanın 102-ci bazasında saxlanılır:

"Azərbaycan isə döyüş hazırlığı vəziyyətində olan bütün hərbi hissələrini bu silah növü ilə təmin edib. Hətta məndə olan məlumata görə, yaxın zamanlarda Rusiyadan ölkəmizə silah-sursat və müxtəlif təyinatlı müasir hərbi texnikanın növbəti partiyası da gətiriləcək”.


Müəllif: