28 Aprel 2017 10:56
924
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parlament başqanı Demokratik Bütünləşmə Partiyasının istədiyi şəkildə seçildi. Tələt Cəfəri artıq Məclisin başqanıdır. Makedoniyada vəziyyət normallaşır. Bu günə qədər milli iradəyə sayğı duymayan çevrilişçilər hesab verəcək.

Bu sözləri Teleqraf.com-a Makedoniya Türk Hərəkat Partiyasının nümayəndəsi, parlamentin deputatı Enis İbrahim bu ölkədə deputatların parlamentdə girov götürülməsini şərh edərkən bildirib.

Enis İbrahim ölkədəki rejimi bir damla qan axıtmadan yıxacaqlarına dair xalqa söz verdiklərini bildirib:

"Sözümüzü tutduq. Haqq, ədalət və demokratiya gəlir. Hər kəs rahat olsun. Ölkəmiz sakitliyə qovuşur. Saatlarla sürən bu gərginlik başa çatdı. Çox şükürlər olsun ki, indi hamımızın vəziyyəti normaldır. Bu çirkin hücumu həyata keçirənlər pis əməllərinə çata bilməyəcək. Cani faşistlər şübhəsiz ki, etdiklərinin cəzasını çəkəcəklər. Amma dünən axşam məni kədərləndirən məqamlardan biri də parlamentə hücum edənlərin arasında türklərin də olması idi. Ən pisi isə həmin qarışıqlıq zamanı faşist-irqçilərin türkcə söyüşlər söyməsi oldu. Biz bu mübarizəyə girərkən Makedoniyaya yenidən həyat gətirəcəyimizə söz vermişik. Heç bir təzyiq, təhdid, hücum bizi qorxuda bilməz. Üzümüz ağ, əməllərimiz şəffafdır. Bundan sonra da hüquq və ədalət naminə mübarizə aparacağımıza kimsənin şübhəsi olmasın”.

Xatırladaq ki, Makedoniyada Demokratik Bütünləşmə Partiyasının üzvü Tələt Cəfərinin spiker seçilməsinə etiraz edən Makedon İnqilabçı Hərəkatı -Makedoniyanın Milli Birliyi Demokratik Partiyasının tərəfdarları parlamentə daxil olaraq bir neçə deputatı girov götürüb.

Silahlılar parlamentə polisin daxil olmasına imkan vermirlər. Bəyan ediblər ki, polisin “ehtiyatsızlığı” deputatların ölümünə səbəb ola bilər.

Cavad


Müəllif: