16 May 2017 11:00
691
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tramp seçkiqabağı çıxışlarında Ukrayna mövzusuna çox da toxunmurdu. Daha çox Rusiya ilə dostlaşmağa çalışacağını deyirdi.

Bunu Teleqraf.com-a son ABŞ-Rusiya və ABŞ-Ukrayna danışıqlarını şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Tramp seçildikdən müəyyən müddət sonra da Ukrayna mövzusu dilə gətirilmədi: “Amma zaman keçdikcə, Tramp və onun administrasiyasındakı rəsmilər Rusiyaya qarşı sanksiyaların davam edəcəyinə, Krımın ilhaqının arxa plana keçmədiyinə, Minsk razılaşmasının yerinə yetirilməli olduğuna dair birmənalı açıqlamalar verdilər. Rusiyanın xarici işlər naziri Sergey Lavrovdan dərhal sonra Ukraynanın xarici işlər naziri Pavel Klimkinin Ağ Evdə qəbul olunması Moskvaya həm də onun mesajı idi ki, Ukrayna mövzusu bizim üçün arxa plana keçməyəcək”.

Bununla belə, E.Şahinoğlu qeyd edib ki, Tramp administrasiyasının Obama administrasiyası kimi Ukrayna hakimiyyətinə dəstək verdiyni söyləmək mümkün deyil: “Obamanın vaxtında Cozef Bayden Kiyevə tez-tez səfər edirdi. Amma Trampın Ukrayna məsələsi ilə məşğul olmağı hazırkı vitse-prezidentə, yaxud dövlət katibi Reks Tillersona həvalə etdiyini demək mümkün deyil. Yəni, Ukraynaya Obama administrasiyası qədər dəstək yoxdur. Ukraynaya görə Rusiya ilə sərt dialoq getmir. Əksinə, görürük ki, Tramp administrasiyası Suriya məsələsində Rusiya ilə razılıq əldə etməyə çalışır”.

Politoloq, həmçinin bildirib ki, Ukrayna hakimiyyəti iqtisadi və siyasi islahatları dərinləşdirmədikcə ABŞ-dan ciddi dəstək gözləməyin əbəs olduğunu anlamalıdır: “Bunu əvvəlki administrasiya rəsmiləri, Bayden də bildirib. Fikir verin, Ağ Evdə kimi qəbul etdilər?! Gürcüstanın baş naziri Giorgi Kvirikaşvilini. Vaşinqton bununla həm də Kiyevə mesaj verir ki, Gürcüstan islahatların dərinləşdirilməsi məsələsində Ukraynanı qabaqlayır. Avropa da bu yolla Kiyevə mesaj verdi. Avropa İttifaqı ilk olaraq Gürcüstanla viza məsələsini həll etdi. Ukrayna ilə bu məsələ daha sonra həll edildi. Bu məsələ də Avropa İttifaqının Kiyevə mesajı idi ki, iqtisadi və siyasi islahatları dərinləşdirməsəniz, korrupsiya ilə mübarizə geniş vüsət almasa, bizim üçün ön planda Gürcüstan olacaq. Ona görə Avropa İttifaqı və ABŞ Rusiya ilə mübarizədə Ukrayna hakimiyyətinə hər nə qədər dəstək versə də, rəsmi Kiyevdən də çox şey asılıdır. Çünki həqiqətən də iqtisadi islahatları dərinləşdirmək lazımdır, Ukraynada sosial vəziyyət çox ağırdır. Siyasi islahatları dərinləşdirmək lazımdır. Hətta, Minsk razılaşmasının yerinə yetirilməməsinə görə bütün məsuliyyət Rusiyanın üzərinə qoyulsa da, ara-sıra Ukraynanın da ünvanına tənqidlər səsləndirilir. Bildirilir ki, Kiyev də müəyyən addımlar atmalıdır. Bütün bu addımlar atılmadan, Ukraynanın daim Avropa İttifaqı və ABŞ-dan birmənalı dəstək gözləməsi Kiyevi məyus edə bilər”.

Səxavət HƏMİD


Müəllif: