19 May 2017 15:24
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Trampın administrasiyası Birləşmiş Ştatlar istiqamətinə uçan bütün təyyarələrdə noutbukların qadağan olunmasının mümkünlüyü məsələsini nəzərdən keçirir.

Teleqraf.com xəbər verir ki, bu barədə "Faynənşl Tayms" qəzeti məlumat yayıb.

“ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin nümayəndəsi bu həftə Avropa Komissiyasının üzvləri ilə Brüsseldə görüş zamanı Avropa ölkələrinin bu məsələdə istisna təşkil etməyəcəyini vurğulayıb”, - deyə qəzet yazır.

Görüş Vaşinqtonun Avropanın bir sıra ölkələrindən ABŞ-a istiqamətlənən təyyarələrin salonlarına noutbukların buraxılmasını qadağan etmək niyyətinə dair yayılan informasiyadan sonraya təsadüf edib. Amerika tərəfi söz verib ki, qadağa istənilən formada genişlənəcəyi təqdirdə Brüsseli xəbərdar edəcək.

Bununla belə, hələlik bu məsələ nəzərdən keçirilir və qərar qəbul olunmayıb.

Ancaq BBC telekanalı adı açıqlanmayan avropalı məmura istinadən ABŞ və Avropa İttifaqı rəhbərliyinin Avropa ölkələrindən ABŞ-a uçan təyyarələrdə noutbuk və planşetlərin qadağan olunması ideyasından imtina etdiklərini xəbər verib.

Bir qədər əvvəl ABŞ iri mobil telefon avadanlığının və smartfonların təyyarə göyərtələrində daşınmasını qadağan edib. Martın 25-dən qüvvəyə minən qadağa Yaxın Şərqin və Şimali Afrikanın 10 hava limanını əhatə edir.


Müəllif: Səxavət