24 May 2017 14:32
1 057
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Parlamenti Abadlaşdırma Komissiyası Güney Azərbaycanda baş verən sel fəlakəti ilə bağlı hesabat hazırlayaraq, hadisədə verilən itkilərlə əlaqədar 4 nazirliyi əsas təqsirkarlar kimi təqdim edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hesabatda mühakiməsi vəya cəzalandırılması barədə heç nə qeyd olunmayıb.

Parlamentin Abadlaşdırma Komissiyasının açıqlamasına görə, təbii fəlakətdə verilən can və mal itkisində bu orqanlar təqsirkardır:

- Enerji Nazirliyi: Sel təhlükəsi olan çaylarda bəndlərin olmaması səbəbindən daşqınlar nəzarətə alınmayıb, çayların ətrafındakı qumlar qanunsuz şəkildə qazılıb və digər yerlərə daşınıb, kənd və yaşayış məntəqələrinə yaxın çaylarda dibdərinləşdirmə və güvənlik işləri görülməyib, çayların hövzəsinə nəzarət olunmayıb.

- Kənd Təsərrüfatı Nazirliyi: Bölgədə yetəri qədər suayrıcı layihələri icra olunmayıb, bitki örtüyü olduqca zəifdir və otlaqla heyvandarlıq səviyyəsi bir-birinə uyğun deyil, bölgədə kənd təfərrüfatı və əkinçilik inkişaf etməyib.

- Yol və Şəhərsalma Nazirliyi: Mümkün daşqınların miqdarı düzgün hesablanmayıb və bu amil körpülərin tikilişində nəzərdə tutulmayıb, Çaylar ətrafındakı yollarda yetəri qədər məlumatverici tablo və nişanlar görünmür, bu məsələ nəzarətdə saxlanılmayıb.

- Daxili İşlər Nazirliyi: Böhranla bağlı vaxtında xəbər çatdırılmayıb və bu məsələ düzgün idarə olunmayıb, sel təhlükəsi olan yerlərdə əhalinin toplaşmasına mane olmaq üçün düzgün tədbir alınmayıb.

Qeyd edək ki, aprelin 14-də Güney Azərbaycanın bir neçə şəhərini sel basıb. Sel fəlakəti nəticəsində 44 nəfər ölüb, Şərqi Azərbaycan Vilayətinə 4393 milyard rial (202 milyon AZN) və Qərbi Azərbaycan Vilayətinə 4180 milyard rial (192 milyon AZN) maddi ziyan dəyib.


Müəllif: Samir İsayev