17 İyun 2017 08:17
902
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yəmənin insan haqları naziri Məhəmməd Əsgər husilərin 2014-cü ildən paytaxt Səmanı ələ keçirəndən sonra ölkədə 11251 adamın öldürüldüyünü bəyan edib.

Teleqraf.com SABA-ya istinadla xəbər verir ki, Əsgər BMT-nin Cenevrədə təşkil etdiyi konfransda danışarkən dəhşətli faktlar açıqlayıb.

O, bildirib ki, husilərin paytaxtı ələ keçirməsindən indiyə qədər 648 qadın olmaqla 11251 şəxs öldürülüb: “Yalnız 2017-ci ildə aralarında qadın və uşaqlarında olduğu 500-dən çox vətəndaş, 8 jurnalist ölüb, bir jurnalist isə edam olunub.

Bundan başqa, husilərin Taiz şəhərində yerləşdirdiyi minalar nəticəsində 20 gün ərzində 8 qadın, 24 körpə daxil 62 adam ölüb, 52 nəfər isə yaralanıb”.

Məhəmməd Əsgər daha sonra deyib ki, 2017-ci ilin 6 ayı ərzində 400 nəfər yoxa çıxmaqla ümumilikdə 930 nəfər qaçırılıb: “2014-cü ildən bu yana ümumilikdə 18734 insan qaçırılıb. Zorla əsgərliyə göndərilən gənclərin sayı məlum deyil, ancaq ildən-ilə bu istiqamətdə də artım müşahidə edilir.

Eyni zamanda bu müddətdə Yəmənə humanitar yardım məqsədilə gələn 63 gəmi və 530 yük avtomobili husilər tərəfindən yağmalanıb”.

Xatırladaq ki, hazırda Yəmən hakimiyyətində ikitirəlik var. Artıq bir neçə ildir ki, husilər və onlara dəstək verən sabiq prezident Abdulla Salehinin tərəfdarları ilə qanuni hökumət arasında silahlı qarşıdurma var.


Müəllif: Cavad