23 İyun 2017 23:46
1 468
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD öz sıralarını genişləndirmək üçün illərlə sosial şəbəkələrdən aktiv istifadə edib. Terror təşkilatı bununla bağlıməxfi qərar qəbul edib. Qərara əsasən, İŞİD sosial şəbəkələr üzərində qurduğu qrupları və buradan paylaşdığı mesajları məhv edib.

Teleqraf.com xəbər verir ki, İngiltərədə nəşr edilən “İndependent” qəzetinin xəbərinə görə, İŞİD bu qərarını xarici kəşfiyyat xidmətlərinin sosial şəbəkədəki qruplara sızması səbəbindən verib. Bundan başqa, terror şəbəkəsi üzvlərinə sosial mediadan istifadə qadağan olunub.

İraq və Suriyada anti-İŞİD koalisiyasının hücumları nəticəsində çoxsaylı itki verən və torpaq itirən terror təşkilatı öz üzvlərinə göndərdiyi mesajda bildirib ki, mücahid fəallarının internetdə diqqətsiz davranışları üzündən çoxlu sayda İŞİD üzvü öldürülüb.
Xarici kəşfiyyat qurumlarının sirləri öyrənmək üçün İŞİD-in “online” kanallarına sızdığı qeyd edilən məxfi mesajda xəbərdarlıq edilir ki, İŞİD üzvlərinin sosial mediadan istifadəsi böyük təhlükələr yaradır.

Mesajda vurğulanır ki, İŞİD-in internet kanallarına sızan xarici kəşfiyyat gecə-gündüz bu resurslara ciddi nəzarət edir.

İŞİD rəhbərliyinin üzvlərinə göndərdiyi mesajda o da vurğulanır ki, ictimai media üzərində mövcud olan çoxlu sayda kanallar məhv edilib və bundan sonra həmin kanallardan istifadə qadağandır.

“İndependent” iddia edir ki, mayın ortalarında bu mesajlar ingilis və ərəb dillərində İŞİD-in məxfi kanalları vasitəsilə yayımlanıb.

Mütəxəssislər hesab edirlər ki, İŞİD-in buna qədər öz sıralarına yeni üzvlər cəlb etmək məqsədilə internet və ictimai medianın imkanlarından geniş istifadə etdiyi halda indi bu imkanlardan imtina etməsi diqqət çəkicidir.

Qeyd edilir ki, buna qədər İngiltərə Baş naziri Tereza Mey xüsusi texnologiya şirkətlərinə çağırış edərək İŞİD-ə qarşı ictimai media və “online” kanallar vasitəsilə daha təsirli mübarizə aparılmasının lazım olduğunu bildirib.

ABŞ Hərbi Akademiyasının Terrorla Mübarizə Mərkəzinin araşdırmaçıları isə hesab edirlər ki, İŞİD xadimləri özləri istəmədən internetdəki fəaliyyətləri səbəbindən özlərini ələ verirlər.

Qeyd edilir ki, 2015-ci ildə İŞİD liderlərindən birinin yeri internet üzərindən müəyyən olunub və daha sonra həmin əraziyə hava hücum təşkil olunub. Terrorla Mübarizə Mərkəzinin analitikləri İŞİD rəhbərliyinin məxfi kanallar vasitəsilə yayımladığı xəbərdarlıq mesajının təşkilat daxilində liderlik, nüfuz və nəzarət baxımından çətin durum yarandığının göstəricisi olduğunu bildiriblər

Xatırladaq ki, hazırda İraqda İŞİD-ə qarşı ciddi hərbi əməliyyatlar həyata keçirilir. Burada İraqın ikinci ən böyük şəhəri olan Mosulun terror təşkilatından geri alınması uğrunda ciddi döyüşlər aparılır. Bu döyüşlərdə İŞİD ciddi itkilər verib. Suriya istiqamətində də İŞİD-ə ciddi zərbələr vurulmaqdadır.


Müəllif: Cavad