26 İyun 2017 11:23
1 552
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya-Türkiyə münasibətlərində yeni gərginlik yaranır.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu dəfə gərginliyin səbəbi Alman hökumətinin Türkiyəyə qarşı şərt irəli sürməsi olub.

Almaniyada nəşr edilən “Welt am Sonntag” qəzeti iddia edib ki, rəsmi Berlin iyulun 7-8-də Hamburqda keçiriləcək G-20 sammitinə qatılacaq Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğanın bir neçə mühafizəçisinin Hamburqa gəlməməsini istəyib.

Qeyd edək ki, prezident Ərdoğan sonuncu dəfə ABŞ-da səfərdə olduğu zaman insident yaşanmışdı. Türkiyənin ABŞ-dakı səfirliyinin iqamətgahında olan prezident Ərdoğana qarşı bu ölkədə FETÖ və PKK fəalları aksiya keçirmişdi. Həmin zaman prezidentin mühafizəçiləri aksiyaya müdaxilə etmək məcburiyyətində qalmışdı.

Prezidentin ABŞ səfəri başa çatdıqdan sonra bəlli olmuşdu ki, aksiyaya müdaxilə edən mühafizəçilərin bəziləri haqqında Amerikada cinayət işi açılıb.

İndi Alman hökuməti rəsmi Ankaradan tələb edib ki, barələrində cinayət işi açılan prezident mühafizəçiləri Hamburq səfəri zamanı Rəcəb Təyyub Ərdoğanı müşahidə etməsin.

Xatırladaq ki, hazırda prezident Ərdoğanın 12 mühafizəçisinə ABŞ-da cinayət işi açılıb və barələrində həbs qərarı çıxarılıb.


Müəllif: Cavad