19 İyul 2014 18:24
955
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həlak olanlar arasında 100 nəfər QİÇS-lə mübarizə üzrə mütəxəssis var

İyulun 17-si, axşam saatlarında "Malaysia Airlines" aviaşirkətinə məxsus təyyarə qəzaya uğradı. Ekipaj üzvləri ilə bir yerdə, göyərtəsində 295 nəfəri daşıyan Malayziya sərnişin təyyarəsi Ukraynanın hava məkanında, Rusiya sərhədi ilə yaxınlıqda yerləşən və hazırda rusiyameyilli separatçıların nəzarəti altında olan Qrabovo kəndi yaxınlığında yerə düşdü. Hadisə baş verən an bir neçə versiya səsləndirilsə də, əsas diqqət iki qonşu ölkənin qarşılıqlı ittihamlarına yönəldi.

Kiyev və Moskva rəsmilərinin yaydığı məlumata görə, MH17 reysli təyyarə ilə əlaqə Ukrayna hava məkanından çıxıb Rusiya hava məkanına yaxınlaşdığı an itirilib. Maraqlı orasıdır ki, həm Rusiya, həm də Ukrayna rəsmiləri xilasetmə işlərinə başlamaq əvəzinə, qarşılıqlı ittihamlarla çıxış etməyə başlayıb. Belə ki, Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Malayziyaya məxsus təyyarənin qəzaya uğramasında Ukrayna məsuliyyət daşıyır. Ukrayna prezidenti Petro Poroşenko isə hadisəni "terror aktı" adlandırıb. O, qəza ilə bağlı qısa bəyanatında deyib ki, bu son bir neçə gün ərzində artıq baş verən üçüncü hadisədir.
"Son günlər ərzində üçüncü belə faciəli hadisədir. Ukraynanın An-26 və Su-25 hərbi təyyarələri Rusiya ərazisindən atılan raketlə vuruldu. Məsuliyyəti rəsmi Kiyevin üzərinə yıxmaq istəyənlərə isə sözüm budur: Ukrayna silahlı qüvvələri havadakı hədəfləri vurmağa cəhd göstərməyib ", - deyə, Poroşenko bəyan edib.

Hadisənin separatçıların törətməsi haqqında iddialar isə daha güclüdür. Belə ki, təyyarəni Ukraynanın cənub-şərqindəki separatçıların "Buk-M" zenit-raket kompleksi vasitəsi ilə vurduğu qeyd olunur. Lakin üsyançılar da məsuliyyət daşımaq istəmirlər və hadisəni törətmədiklərini iddia edirlər.

Vurulan Malaysia Airlines aviaşirkətinə məxsus təyyarənin xarakteristikası:

Təyyarə: Boeing 777-200ER
Ekipaj üzvü: 15 nəfər
Sərnişin: 280 nəfər
Amsterdamdan uçuş: 15:30 (Bakı vaxtı)
Əlaqə itib: 17:20 (Bakı vaxtı)
Təyyarənin uçuş yüksəkliyi: 10,000m (10 km)

Boeing 777 təyyarəsi Amsterdamdan Kuala Lumpura uçurdu. Hadisədən təxminən 20 saat sonra məlum oldu ki, təyyarənin göyərtəsində uçanlardan 100 nəfəri QİÇS-lə mübarizə üzrə mütəxəssis, həkimlər, ictimai xadimlər, alimlər olub. Elm qrupunun Melburna, iyulun 20-də başlayacaq konfransa yollandıqları bildirilir.

Xarici mətbuatın yaydığı xəbərdə isə deyilir ki, təyyarənin göyərtəsində 80 azyaşlı uşaq olub. Məlumat rəsmi təsdiqini tapmasa da, xarici mətbuatın hökumətdəki mənbələri xəbəri təsdiqləyir.

Moskvada olan aviasiya mənbəsinin yaydığı məlumata görə, təyyarə şərqi Ukraynada yerdə yanarkən aşkar olunub. Mənbənin verdiyi məlumata görə, təyyarə Rusiya hava məkanına daxil ola bilməyib.
Qondarma Donetsk Xalq Respublikasının lideri Aleksandr Borodayın sözlərinə görə, istintaqın aparılması üçün "bir neçə günlük" atəşkəs barədə razılıq təklif oluna bilər.

Dünyanın əsas aviaşirkətləri isə bəyan ediblər ki, bir müddət ərzində şərqi Ukrayna üzərindən uçuşları həyata keçirməyəcəklər.

Ölənlər kimlərdir?

Amsterdamın Schiphol aeroportunda keçirilən mətbuat konfransında "Malaysia Airlines" şirkətinin Avropa üzrə rəhbəri Huib Gorterin açıqlama verib. Onun sözlərinə görə, təyyarədə həlak olanlar arasında 154 holland, 27 avstraliyalı, 23 malayziyalı, 11 indoneziyalı, 6 britaniyalı, 4 alman, 4 belçikalı, 3 filippinli və 1 kanadalı olub. Ekipajın 15 üzvünün malayziyalı olduğu bildirilib. Ukrayna daxili işlər nazirinin məsləhətçisi Anton Heraşşenko bildirib ki, təyyarə dəniz səviyyəsindən 10 km hündürlükdən raketlə vurulub.

Xatırladaq ki, son həftələrdə şərqi Ukraynada bir neçə hərbi təyyarə raket vasitəsilə vurulub. Ukrayna Rusiya ordusunu separatçı üsyançıları raketlərlə təmin etməkdə suçlayıb. Bu xəbərdən bir neçə saat əvvəl Ukrayna rəsmiləri Rusiya hava qüvvələrini çərşənbə günü Ukraynaya məxsus yerdə hücum təyyarəsini vurmaqda ittiham edib.

Hadisə ilə əlaqədar ABŞ prezidenti Barak Obama rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışıb.
Boeing-777 təyyarəsinin qalıqları separatçıların nəzarət etdiyi Qrabovo kəndi yaxınlığında geniş əraziyə səpələnib. Rusiyapərəst separatçılar araşdırmanın keçirilməsi üçün qəzanın baş verdiyi əraziyə sərbəst giriş veriləcəyini bəyan ediblər. Malayziya ilə yanaşı, Rusiya, ABŞ və bir sıra başqa ölkələr hadisə yerinə öz ekspertlərini göndərməyə hazır olduğunu bildirib.

Bu, ilk deyil...

Təyyarələrin istifadəyə verildiyi gündən etibarən, mülki sərnişin təyyarələrinin vurulması hadisəsi ilk dəfə deyil. Qeyd edək ki, sərnişin təyyarələri əsasən ölkələrin sərhədlərinin pozulması nəticəsində, bir də müharibələr zamanı vurulur.

Virtualaz.org-un yaydığı məlumata görə, ilk belə qəza II dünya müharibəsi zamanı baş verib. Finlandiyanın "Fin Aero O/Y" hava yolları şirkətinə məxsus təyyarə sovet hərbçiləri tərəfindən vurulub. Nəticədə 9 sərnişin və 2 ekipaj üzvü həlak olub.

1973-cü il, fevralın 23-də Liviyanın Benqazi şəhərindən Misirin paytaxtı Qahirəyə uçan "Boeing-727" təyyarəsi pis hava şəraiti üzündən havada itib. Yol xəritəsini itirən pilotlar səhvən İsrailin hava məkanına girib. Liviya aviaşirkətinə məxsus olan təyyarə İsrail Hərbi-Hava Qüvvələrinin "F-4" qırıcıları tərəfindən vurulub. Nəticədə 113 sərnişin həyatını itirib. Təyyarədəki adamların yalnız 5 nəfəri sağ qalıb.

Növbəti sərnişin təyyarəsi də SSRİ hərbi qüvvələri tərəfindən vurulub. 1978-ci il, aprelin 20-də Murmansk istiqamətindən SSRİ-nin hava məkanına girən sərnişin təyyarəsi vurulub. Cənubi Koreya hava yolları şirkətinə məxsus "Boeing-707" laynerinə açılan atəş nəticəsində 2 sərnişin ölüb. Təyyarə isə partlamadan donmuş gölün üzərinə eniş edə bilib.

Ən çox insan tələfatı ilə nəticələnən sərnişin təyyarəsinin vurulması faktı da SSRİ hərbçilərinin passivinə yazılıb. 1983-cü il, sentyabrın 1-də Cənubi Koreya aviaşirkətinə məxsus "Boeing-747" sərnişin təyyarəsi naviqasiya sistemində yaranan problemlər üzündən SSRİ-nin hava ərazisinə girməyə məcbur olub. Amma SSRİ-nin "Su-15" təyyarələri tərəfindən vurulub. Təyyarədəki 269 sərnişinin və ekipaj üzvlərinin hamısı həlak olub.

1988-ci il, iyunun 8-də İranın Bəndər-Abbas şəhərindən Dubaya uçan və İrana məxsus olan "Airbus A-300" tipli sərnişin təyyarəsi isə ABŞ tərəfindən vurulub. ABŞ hərbi gəmisi tərəfindən düşmən təyyarəsi adı ilə vurulan laynerdəki 290 sərnişinin və ekipaj üzvlərinin hamısı ölüb.

Xatırladaq ki, dünən Malaziya təyyarəsinin vurulmasından əvvəl sonuncu belə hadisə 2007-ci ildə baş vermişdi. Belarusun "TransAvia Export" aviaşirkətinə məxsus "İl-76" tipli təyyarə Somalinin Moqadişi şəhərində vurulub. Nəticədə 11 nəfər həlak olub.

Ülviyyə Axundova


Müəllif: