26 İyul 2017 16:30
1 338
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Konqresinin Nümayəndələr Palatasının qəbul etdiyi yeni qanun layihəsi Rusiya, İran və Şimali Koreyaya yeni sanksiyaların tətbiqinə imkan yaradacaq.

Teleqraf.com xarici mediaya istinadla bildirir ki, qanuna görə, ABŞ Prezidenti Donald Tramp administrasiyası Rusiyaya qarşı hazırda mövcud olan sanksiyaları aradan qaldırmaq və ya dondurmaq üçün Konqresin razılığını almalı olacaq.

“ABŞ-ın düşmənləri ilə sanksiyalar vasitəsilə mübarizə” adlı qanun layihəsi Nümayəndələr Məclisində 419 səslə qəbul edilib. Layihənin əleyhinə 3 nəfər səs verib.

ABŞ Prezidenti Trampın Rusiya ilə əlaqələrini məhdud hala gətirən qanun layihəsi prezidentdən tələb edir ki, Rusiyaya qarşı sanksiyaları yüngülləşdirmək üçün Konqresin razılığını alsın. Bu məqam xüsusilə diqqətçəkicidir. Başqa sözlə, bundan sonra Rusiya ilə münasibətlər məsələsində Konqresin rolu prezidentin rolundan daha üstün olacaq.

Qanuna əsasən, Rusiyaya Ukraynadakı addımları səbəbindən yeni sanksiyalar tətbiq ediləcək.

Eyni zamanda İran və Şimali Koreya nüvə Və ballestik raket proqramlarına görə sanksiyaların təsirinə məruz qalacaq.

Konqresin Nümayəndələr Palatasının rəhbəri Paul Ryan yeni qanun layihəsini “tarixin ən geniş və əhatəli qanun layihələrindən biri” kimi xarakterizə edərək deyib ki, paketdə Rusiya, İran və Şimali Koreya rəhbərliyinə bir sıra sahələr üzrə sanksiyalar tətbiq ediləcək.

Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Ed Royce isə bəyan edib ki, sabksiyalara məruz qalan üç ölkə ABŞ-ın milli maraqlarını təhdid edir: “Son dövrdə artan raket sınaqları səbəbindən Pxenyan rəhbərliyinə ciddi mesaj vermək istədik”.

Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri əlavə edib ki, may ayında Nümayəndələr Məclisindən keçib Senatda ilişən və Rusiya ilə İrana qarşı sanksiyalar nəzərdə tutan paket bu dəfə Şimali Koreyanı ciddi vuracaq.

Qeyd edək ki, qəbul edilən yeni qanun layihəsi Prezident Trampın masasına getməzdən əvvəl Senatda dəstəklənməlidir. Ayrıca prezidentin qanun layihəsinə veto qoymaq imkanı var.

Bildirilir ki, Ağ Ev Trampın qərarının hələ dəqiq olmadığını açıqlasa da, ABŞ lideri bir müddət əvvəl Rusiyaya qarşı sanksiyaları aradan qaldırmaq niyyətini ifadə edib.

ABŞ-da keçirilən son prezident seçkilərinə kiberhücum vasitəsilə müdaxilə etdiyi iddiası ilə aparılan araşdırmada əsas hədəf olan Rusiyanın yeni sanksiyalar qarşısında hansı addımlar atacağı da maraqla izləniləcək.


Müəllif: Cavad