12 Avqust 2017 18:23
925
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə ildir Venesuela böhran içindədir. İqtisdiyyat sürətlə çökür, mağazalarda qida çatışmazlığı, küçələrdə müxalif və quldur qrupları ilə polis arasında döyüşlər gedir. Bu dəhşətli mənzərə isə bir gün ərzində baş vermədi.

Assoşieyted Press-in (Associated Press) müxbiri ölkəni bürüyən bu xaosu yavaş-yavaş izləyib.

Teleqraf.com jurnalistin Venesueladakı vəziyyəti işıqlandıran fikirlərini və fotolarını təqdim edir:

Əhali əvvəllər olduqca optimist və ambisiyalı idi. Dostlarım ev, maşın alır, karyeralarını qururdular. İstirahət günləri Qəraib dənizi sahillərində çimərliklərə üz tuturduq. Gecə klublarında xarici viski və digər içkilərdən işçirdik. Qida o qədər ucuz idi ki, ilk materiallarımdan birini ölkədəki piylənmə probleminə həsr etmişdim.

Hardasa üç il ərzində dostlarımın əksəriyyəti ölkəni tərk edib. Beynəlxalq telefon şirkəti və altı aviaşirkət Venesueladan çıxdı. İndi də çimərliklərə gedirik. Amma bacardıqca tez qayıdırıq ki, axşamüstü quldur dəstələri yolumuzu kəsməsinlər. Yollardakı işıqforlar bəzək üçündür. İnsanlar yolda maşın saxlamaqdan qorxurlar ki, kimsə onlara hər an hücüm edər, maşından bayıra atar.

Vaxtilə ölkədə müharibə, yoxsulluq yox idi. Hər şeyin günahkarı yarıtmaz hökumət və idarəetmə sistemi oldu. 2015-ci ildə neftin ucuzlaşması ilə də milli faciə qaçılmaz bəlaya çevrildi.

Maduro hökuməti baş verənləri ABŞ və biznes nəhənglərinin boynuna atır. Amma iqtisadçılar və analitiklər olayları birbaşa hökumətin valyutanın idarə edə bilməməsilə əlaqələndirirlər.

Proseslər getdikcə mürəkkəbləşməyə başladı. Evin pəncərəsindən baxanda çöldəki çörək növbəsini görüb heyrətlənmişdim. Hətta bu mənzərənin şəklini çəkmək qərarına da gəldim. Təəccüblü idi: həqiqi çörək növbəsi!

Vəziyyət hər gün bir az da qəlizləşdi. İnsanlar zibilliklərdə eşələnməyə başladılar. Onlar tərəvəz və meyvə qalıqları yığırdılar. Bundan o tərəfə yol yox idi. Səhərlər daha çörək növbəsinə yox, zibil yığıb yemək növbəsinə durmalı oldular.

Bir dəfə Barinas şəhərində jurnalisti küçənin ortasında maşına basıb apardılar. Hamı elə bildi ki, quldur dəstələtinin işidir. Sonradan bəlli oldu ki, gizli polislərmiş. Jurnalisti bir neçə gün şöbədə saxladıqdan sonra hədə-qorxu gəlib, təyyarəyə otuzdurub Karakasa göndərmişdilər.

Nəhayət, mən də burdan getmək qərarına gəldim. Amma ölkə ilə bağlı xatırlanası çox şey var. Əsasən də paytaxt səmasında uçan mavi qızılı tutuquşular... Yaxud bir zamanlar Qabriel Qarsia Markesin Karakasda yazdığı bir sətiri demək kifayətdir: ”Mənim bu iblisanə şəhərdə qalmamağım həyatımın ən gözəl məyusluğudur”.


Müəllif: Elçin Murad