15 Avqust 2017 21:58
605
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nepalda leysan yağışlarla əlaqədar baş verən daşqın və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 111 nəfərə çatıb.

Teleqraf.com xəbər verir ki, ölkənin Daxili İşlər naziri Canardxan Şarm daha 35 nəfərin itkin düşmüş hesab olunduğunu bildirib. Bundan öncə qurbanların sayının 91 olduğu bildilirdi.

C.Şarm bu gün parlamentdə çıxışı zamanı insan itkisi və maddi ziyanla bağlı rəqəmləri yeniləməyə ehtiyac olduğunu deyib. Onun sözlərinə görə, ölkənin 12 inzibati dairəsinin, o cümlədən Himalayın dağətrafı hissəsinin 80 faizi suyun altında qalıb. Min ev dağılıb.

Nazir ölənlərin yaxınlarına 200 min rupi (2 min dollara yaxın), evləri dağılanlara isə 10 min rupi (100 dollar) kompensasiya ödəniləcəyini bildirib.

Qeyd edək ki, Nepalda güclü yağışlar avqustun 11-i səhərdən yağmağa başlayıb və bazar gününədək davam edib.

Onu da bildirək ki, Nepal regionda son günlər yağan güclü yağışların yaratdığı daşqın və torpaq sürüşmələrindən əziyyət çəkən yeganə ölkə deyil. Təbii fəlakət nəticəsində son günlər Hindistanda 100-dən artıq, Banqladeşdə 28 insan həlak olub.


Müəllif: Səxavət