17 Avqust 2017 09:12
1 007
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son 2 ildə Avropada yaşayan 3 Səudiyyə şahzadəsinin yoxa çıxdığı iddia olunur.

Teleqraf.com BBC-yə istinadla xəbər verir ki, Səudiyyə hökumətini tənqid edən şahzadələrin qaçırılaraq təyyarə ilə Səudiyyə Ərəbistanına aparıldığına dair dəlillərin olduğu bildirilir.

1932-ci ildə Kral Əbdüləziz Səudiyyə Ərəbistanını yaratdığı gündən bəri krallıqda mütləq monarxiyanın bərqərar olduğu və müxalifətə tolerantlıq göstərilmədiyi qeyd edilir.

Məlumatlara görə, bir vaxtlar Səudiyyə polisində yüksək rütbəli məmur olan şahzadə Türki bin Bəndər vərəsəliklə bağlı mübahisələrə görə həbs olunub. Həbsxanadan çıxandan sonra Fransanın paytaxtı Parisə qaçan Türki bin Bəndər 2012-ci ildən etibarən Yutub kanalında Səudiyyə Ərəbistanına yönəlik islahat çağırışlarının əks olunduğu video-çarxlar yerləşdirməyə başlayıb.

Səudiyyə rəhbərliyi şahzadə Türkini geri qayıtması üçün razı salmağa çalışsa da, o, israrla bu təklifi rədd edib. Daxili işlər nazirinin müavini ilə telefon danışığını da ictimailəşdirən Türkiyə “Hər kəs dörd gözlə sənin geri qayıtmağını gözləyir” deyə müraciət edilib.

Turki nazir müavininə sərt söyüşlə cavab verib və ardınca əlavə edib: “Səni Sultan bin Türki kimi geri qaytaracağıq” deyə yazdığınız məktublarınıza nə deyim?”

Nazir müavini isə Türkini ona toxunmayacaqlarına inandırmağa çalışıb: “Mən sənin qardaşınam”.

Şahzadə Türki bin Bəndər 2015-ci ilin iyuluna qədər video paylaşıb. Daha sonra sosial mediada heç bir aktivlik göstərməyib. Sultan Bin Türkinin 2016-ci ildə Parisdən Qahirəyə uçduğunu sandığı təyyarəyə mindiyi, lakin Ər-Riyada endiyi deyilir.

Tqrkinin yoxa çıxmasından sonra Mərakeş qəzetində maraqlı xəbər dərc edilib. Bu xəbərə görə, müxalif şahzadə Mərakeşdən Parisə yola düşməyə hazırlaşanda bu ölkədə həbs olunub və Səudiyyə Ərəbistanının tələbi ilə Mərakeş məhkəməsinin qərarı əsasında deportasiya edilib.

Türki bin Bəndərin başına nələr gəldiyinə dair dəqiq məlumat yoxdur, lakin o, yoxa çıxmazdan əvvəl dostu Vaelə yazdığı kitabı verərək, əlyazmaya belə bir qeyd qoyub: “Əziz Vael, mən yoxa çıxsam və ya mənə sui-qəsd təşkil olunarsa, yazdıqlarımı paylaşarsan. Qaçırılacağımı və ya məni öldürəcəklərini bilirəm. Mənim və Səudiyyə xalqının haqqını necə pozduqlarının fərqindəyəm”.

Şahzadə Türkinin itdiyi vaxt Avropadakı qumarxanalar və bahalı otellərə düşkün olan başqa bir Səudiyyə şahzadəsi Səud bin Saif əl-Nəsr da oxşar aqibəti yaşayıb.

2014-ci ildə Səud bin Saif Tvitter mikrobloqunda krallığı tənqid edən tvitlər paylaşıb. Saif Misir prezidenti Məhəmməd Mürsinin devrilməsini dəstəkləyən Səudiyyə rəsmilərinin mühakimə olunmasının vacibliyinə dair çağırışlar edib.

2015-ci ilin sentyabrında isə Saif bir az da irəli gedib. Belə ki, adı açıqlanmayan Səudiyyə şahzadəsi tərəfindən kral Salmanın çevrilişlə devrilməsi üçün iki məktub yazılandan sonra bu çağırışa açıq şəkildə kral ailəsi üzvlərindən dəstək verən yeganə şəxs Səud Saif idi.

O, Tvitter hesabında belə bir tvit paylaşandan sonra hesabı çöküb: “Xalqımızı bu məktublarda yazılanları təzyiq vasitəsinə çevirməyə çağırıram”.

2013-ci ildə Almaniyaya qaçaraq sığınacaq tələb edən digər müxalif şahzadə Xalid bin Fərhanın fikrincə, Saif əl-Nəsr iş görüşməsi adı ilə tələyə düşürülüb və Milandan Romaya uçmaq üçün razı salınıb:

“Xüsusi təyyarə gəldi və şahzadəni Milandan götürdü. Amma o təyyarə Romada yox, Riyadda eniş etdi. İş razılaşması tələsini Səudiyyə kəşfiyyatı təşkil edib. İndi şahzadəni həbsxana zirzəmisi gözləyir”.

Şahzadə Xalid ona qarşı da Ər-Riyada zorla aparılmaq üçün planlar təşkil olunduğuna inanır:

“Avropada kral ailəsindən 4 şəxs vardı. Biz ailəni və Səudiyyə Ərəbistandakı iqtidarı tənqid edirdik. Üçü qaçırıldı, təkcə mən qaldım. Onların imkanı olsaydı, elə indi məni də qaçırardılar, tədbirli davanmağa çalışıram. Bu da azadlığın əvəzidir”.

Sözügedən iddialarla əlaqədar Səudiyyə Ərəbistanı hökuməti BBC-nin müraciətinə heç bir cavab verməyib.


Müəllif: Nərgiz