17 Avqust 2017 13:06
783
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vikiliks” saytının qurucusu Culian Assanc Respublikaçılar Partiyasından olan konqresmen Den Rorabaherlə görüşdə ABŞ-da prezident seçkisi ərəfəsində Demokratlar Partiyasının bazasının sındırılmasının Rusiya ilə bağlılığı olmadığını bildirib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Hill” qəzeti məlumat yayıb.

“Biz üç saatlıq görüş zamanı məsələlərin geniş spektrini, o cümlədən Demokratlar Partiyasına aid məktubun “Vikiliks”ə ötürülməsini müzakirə etdik. Culian bildirdi ki, demokratların saytının bazasının sındırılması və bu məktubun ötürülməsi ilə rusların əlaqəsi yoxdur”, - deyə, qəzet Rorabaherin fikirlərindən sitat gətirib.

Konqressmen əlavə edib ki, daha detallı informasiyanı ABŞ Prezidenti Donald Trampla görüşdə ona şəxsən çatdırmaq niyyətindədir.

Qeyd edək ki, D.Rorabaherlə C.Assancın görüşü Ekvadorun Böyük Britaniyadakı səfirliyinin binasında keçirilib. Assanc 5 ildən çoxdur ki, səfirlikdə yaşayır. O, 2012-ci ildə Ekvador hakimiyyəti tərəfindən siyasi sığınacaq alıb.

Onu da bildirək ki, Demokratlar Partiyasının namizədi Hillari Klinton ötən ilin yayında partiyanın kompüter sisteminin sındırılması və daxili yazışmaların “Vikiliks”də yayılmasına görə Rusiya tərəfini ittiham etmişdi.


Müəllif: Səxavət