2 Sentyabr 2017 16:59
1 250
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya milyarderlərin son 8 aylıq durumu haqqında növbəti hesabat açıqlanıb.

Teleqraf.com xəbər verir ki, hesabat Blumberqdə dərc edilib.

Məlumatda bildirilir ki, ötən 8 ay hər milyarder üçün eyni səviyyədə keçməyib. Bəziləri sərvətinə sərvət qatıb, bəziləri isə pul itirib.

Milyarderlərin siyahısına yenə də Bill Qeyts başçılıq edir. Onun sərvəti nə az, nə çox, düz 86,4 milyard dollardır.

Ötən 8 ayda dünyanı ən çox təəccübləndirən milyarder çinli əmlak maqnatı Hui Ka Yan olub. Onun keçən ilki sərvəti 7 milyarda çatıb. O, bu il dünyanın ən çox qazananı olmaqla yanaşı, varidatını 316 faiz, yəni 23,4 milyard artırmaqla hamını heyrətləndirib. Sərvətini 30 milyard dollara çatdırıb. O, hazırda Çinin 180 şəhərində 500 layihə həyata keçirir.

İkinci ən çox qazanan isə Feysbukun qurucusu və sahibi Mark Zukerberqdir. O bu il sərvətini 23.1 milyard artırmağa nail olub. Beləliklə, Mark öz sərvətini 73.1 milyard dollara çatdırıb. O, hazırda dünyanın 5-ci ən varlı adamıdır.

Bu il qazananlar kimi, itirənlərin də ili kimi yadda qalıb. Enerji sektorundakı qiymət dalğalanmaları, sözsüz ki, ən çox bu sahədəki “boss”ları vurub.

Ötən 8 ayda ən çox pul itirən ABŞ-lı neft maqnatı Harold Hamm olub. O, il ərzində 4,8 milyard pul itirib. İkinci ən çox ziyana uğrayan milyarder isə yapon pərakəndə sektorunun liderlərindən olan Tadaşi Yanai olub. O, cari il ərzində sərvətindən 3,4 milyard dollar itirməyin qarşısını ala bilməyib.

Həmyerlimiz Vahid Ələkərov isə avqust ayını mənfəətlə başa vursa da ilin əvvəlindən indiyə kimi 632 milyon dollar zərərə uğrayıb.


Müəllif: İlhamə Əbülfət