13 Sentyabr 2017 14:26
1 106
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq Şam İslam Dövlətindən (İŞİD) ayrılan yüzlərlə terrorçu evlərinə geri dönmək məqsədilə Suriyanın İdlib əyalətində toplaşıblar. Onların bəziləri son həftələrdə Türkiyəyə daxil olmağı bacarıblar.

Teleqraf.com xəbər verir ki, bu iddia ilə “Qardian” qəzeti çıxış edib.

Qəzet iddia edib ki, səudiyyəli 4 İŞİD üzvü sərhəd qaçaqçılarına adambaşı 2 min ABŞ dolları ödəyərək, sentyabrın əvvəllərində Türkiyəyə daxil ola bilib. İŞİD üzvləri Türkiyə vasitəsilə Avropaya, Şimali Afrikaya və Yaxın Şərqə qayıtmaq istəyirlər.

“Qardian” vurğulayıb ki, Türkiyə sərhədi çox etibarlı qorunur. Ancaq İŞİD Suriya və İraqda tutduğu əraziləri itirməyə başladıqdan sonra onun üzvləri digər yerlərə köçməyə başlayıblar.

Suriyadan avqust ayında qaçan İŞİD üzvlərindən biri deyib ki, Səudiyyədən olan 300 nəfərlik terror qruplaşması Nürsa Cəbhəsinin idarəçiliyində olan İdlibin şimalında qərar tutublar: “Mənim kimi çoxları İŞİD-dən ayrılmaq istəyir”.

“Qardian”ın Əbu Saad kimi təqdim etdiyi 26 yaşlı İŞİD üzvü əlavə edib ki, İŞİD-in bir çox üzvü artıq aldadıldıqlarını başa düşüblər: “Digərləri isə Nürsa Cəbhəsinə güvənmir. İŞİD arasında artıq doğru yolda olduqlarına inananların sayı çox azdır”.

Suriyanın şimal şərqində yerləşən İdlib əyalətinin böyük hissəsinə Nüsra Cəbhəsinin əsas zərbə gücü olan “Əl Şam” təşkilatı nəzarət edir. Əbu Saad bəzi avropalıların, mərakeşlilərin Nüsra Cəbhəsini müdafiə etmək məqsədilə gəldiklərini deyib.

“Qardian” qeyd edib ki, İŞİD-dən ayrılan çoxlu sayda terrorçu 2015-ci ilin sonundan başlayaraq İdlibə toplaşıb.

Əbu Saad Türkiyənin cənubuna daxil olmasından bir neçə gün sonra qəzetə deyib ki, elə özü də İŞİD-dən o zaman ayrılıb: “Digərləri də mənə qatıldılar. İndi daha çox insan oranı tərk etmək, evlərinə qayıtmaq istəyir”.


Müəllif: Cavad