17 Sentyabr 2017 16:01
1 427
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyada qarşıdan gələn Bundestaq seçkilərində favoritlərdən olan Sosial-Demokrat Partiyasının sədri Martin Şults Türkiyə-Almaniya münasibətləri haqqında danışıb və Prezident Rəcəb Tayyib Ərdoğana ittihamlar irəli sürüb.

Teleqraf.com xəbər verir ki, “Deutsche Velle” radiosunun qonağı olan M.Şults Avropa Birliyi ilə Türkiyə arasında üzvlük istiqamətində danışıqların kəsilməsinin tərəfdarı olduğunu bildirib: “Avropa Birliyinə üzv olmaq istəyən birinin hər gün Avropa dəyərlərini tapdaladığı təqdirdə müzakirələr aparılmasının mənası yoxdur. Avropa Birliyi hüquq birliyidir, əsas prinsiplərə və hüquqlara söykənir. Bu hüquqlardan biri də düşüncə azadlığıdır. Hörmətli Ərdoğan məni xəyal qırıqlığına uğratdı. O, əvvəl böyük islahatçı idi. Ancaq sonradan təcridetmə yolunu tutdu”.

Kansler olacağı təqdirdə Türkiyə ilə bağlı hansı siyasət yürüdəcəyi haqda suala gəldikdə M.Şults deyib ki, Türkiyə çox yaxın müttəfiq, dost ölkədir: “Ayrıca bu ölkədə son referendum zamanı əhalinin yarısının Ərdoğanın tərəfində olmadığını gördük”.

Avropa Parlamentinin keçmiş sədri Türkiyə ilə Avropa Birliyi arasında qaçqınlarla bağlı əldə edilən razılaşmanın pozulması ehtimalı barədə də danışıb: “Ərdoğanın qarşısında diz çökmək niyyətim yoxdur. Şantaj edilməyimizə icazə verə bilmərik”.


Müəllif: Cavad