17 Sentyabr 17:57
633

Gürcüstanın sabiq prezidenti və Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili oktyabrın 17-də Kiyevdə hakimiyyətdə islahatlar tələbləri ilə mitinq keçirmək niyyətindədir.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, M. Saakaşvili bunu bu gün “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb.

M. Saakaşvili yazıb ki, rəhbərlik etdiyi siyasi hərəkat ictimai fəalların təşəbbüsünə qoşulmağa qərar verib: Oktyabrın 17-də Kiyevdə korrupsiyadan azad məhkəmənin yaradılması, deputat toxunulmazlığının ləğv edilməsi və yeni seçki qanunun qəbulu tələbi ilə toplaşacağıq. Digər tələbləri isə oktyabrın 17-dək bütün Ukrayna üzrə görüşlər keçirərək müəyyənləşdirəcəyik”.

Bundan əvvəl M. Saakaşvili ona sentyabrın 19-da Ali Radada çıxış etmək imkanı yaradılmasına çalışacağını bəyan edib.

Qeyd edək ki, Gürcüstanda bir sıra cinayətlərdə ittiham olunan M. Saakaşvili 2015-ci ilin mayında Ukrayna vətəndaşlığı alıb və Odessa vilayətinin qubernatoru təyin edilib. 2016-cı ilin noyabrında isə qubernator postundan istefa verib və hakimiyyəti tənqid etməyə başlayıb. Ukrayna prezidenti Petr Poroşenko bu il iyulun 26-da, M. Saakaşvili ABŞ-da olarkən onu Ukrayna vətəndaşlığından məhrum edib. Ancaq M. Saakaşvili sentyabrın 10-da tərəfdarları ilə birlikdə Polşa sərhədindən Ukraynaya keçməyi bacarıb. Bu zaman Ukrayna təhlükəsizlik qüvvələrinin 22 əməkdaşı xəsarət alıb. Lvov polisi sərhədin qanunsuz keçmək və polisə müqavimət ittihamları il’ 15 ilə qədər azadlıqdan məhrumetməni nəzərdə tutan cinayət işi açılıb.

Ancaq Ukrayna baş prokuroru Yuriy Lutsenko M. Saakaşvilinin sərhədi keçməklə bağlı həbs edilməyəcəyini bildirib. Eyni zamanda baş prokuror deyib ki, M. Saakaşvili ilə bağlı Ukraynada hüquqi məsələlər tənzimlənənə qədər sabiq Odessa qubernatoru Gürcüstana da deportasiya edilməyəcək.


Müəllif: Teleqraf.com