7 Oktyabr 2017 15:15
1 265
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kataloniyanın müstəqillik elan edəcəyi haqda açıqlamalar Madrid-Barselona münasibətlərində gərginliyi artırıb.

Teleqraf.com xəbər verir ki, Kataloniyanın mümkün müstəqilliyi Avropa Birliyi ölkələri daxilində separatçı problemlərə bir nümunə, qığılcım ola bilər. Bu səbəbdən də Avropa Birliyinin bəzi ölkələri hazırda İspaniyada baş verənləri narahatlıqla izləyir.

Sözsüz ki, Katoloniyanın müstəqillik elan etməsi və buna nail olması Avropada bir çox dövlətlərdə yaşayan xalqlar üçün nümunə olacaq, onların müstəqillik yolunda mübarizədə immunitetini artıracaq. Beləcə Avropada domina effekti istiqamətində separatçı proseslər başlayacaq.

Söhbət hansı separatçı bölgələrdən və istiqamətlərdən gedə bilər?

Kataloniyanın referendumu və müstəqillik istəyi diqqəti ilk olaraq İspaniyadakı Bask bölgəsinə çevirir. İspaniyada zamanında qurulan diktatorluq Bask bölgəsini təzyiqlər altında saxlayıb. Bu da əks reaksiya verib və nəticədə Bask bölgəsində ETA kimi terror qrupu meydana çıxıb. Bask bölgəsi də İspaniyada ən varlı əyalətlərdən hesab olunur. Katalonların bu addımı uğur qazanarsa, meydana baskların çıxacağına şübhə yeri qalmır.

Domino effektinin növbəti dayanacağı Şotlandiya ola bilər. 300 ildən çoxdur ki, Birləşmiş Krallığın bir parçası olan Şotlandiya 2014-cü ildə referendum təşkil etmək və Londondan ayrılmaq istəyib. Lakin müstəqillik tərəfdarları azlıqda qalıb. İndi Şotlandiyada da müstəqillik referendumunun tərəfdarları getdikcə çoxalır. Buna təsir edən səbəb isə Böyük Britaniyanın Avropa Birliyindən çıxmasıdır.

Belçikanın Flaman bölgəsi də Kataloniyanın referendumundan təsirlənə biləcək ərazi hesab olunur. Flaman bölgəsi zaman-zaman müstəqillik fikirlərini gündəmə çıxarsa da, bu, son mərhələyə gəlib çatmayıb. İqtisadi baxımdan vəziyyəti ürəkaçan olan Flaman bölgəsi Belçikanın cənubundakı Valonlar və digər əraziləri özü üçün iqtisadi yük hesab edir.

Avropada separatçı referendum İtaliyanın şimalındakı Padia regionu üçün də keçərlidir. Burada fəaliyyət göstərən Şimali Liqa Partiyası son illər müstəqillik uğrunda mübarizə aparır. Düzdür, bölgədə müstəqillik uğrunda mübarizə daha çox iqtisadi sahələrlə və muxtariyyət əldə etməklə bağlıdır. Ancaq iş ondadır ki, oktyabrın 22-də Lombardiya və Veneto şəhərlərində məsləhətçi referendum keçiriləcək. Hansı ki, separatçı hərəktlənmə üçün bu, siqnal ola bilər.

Fransanın nəzarətində olan Korsika adasında da separatçı ideyalar həmişə güclü olub. Keçmiş dövrdə burada separatçı hərəkatlar müşahidə edilib. Və bu işdə FLNC təşkilatı xüsusilə seçilib. Əgər burada referendum keçirilərsə, nəticə Kataloniya referendumundan daha ciddi ola bilər. Korsikanın əsas məqsədi tam müstəqillik əldə etməkdir.


Müəllif: Cavad