15 Oktyabr 2017 20:42
1 140
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstraliyada bir-birinin ardınca nəhəng şirkətlər istehsala son qoyublar. Sonuncu belə bir qərarı ölkədə yeganə avtomobil istehsalçısı olan “Holden” şirkəti verib. Oktyabrın 20-dən etibarən şirkət fəaliyyətini dayandırmağı planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bu münasibətlə təşkil edilən mərasimdə iştirakçılar ABŞ-ın nəhəng “General Motors” şirkətinin filialı olan “Holden”ə ehtiramlarını bildiriblər.

Şirkətin istehsal etdiyi təqribən min avtomobil oktyabrın 15-də Avstraliyanın cənubunda yerləşən Adelaida şəhərinin küçələrini dolaşıb.

“Holden” şirkəti ilk avtomobilini 1917-ci ildə istehsal edib. Avstraliya dollarının möhkəmlənməsi və işçi qüvvəsinin bahalaşması səbəbindən şirkət istehsal xətlərini dayandırmaq barədə qərar qəbul edib. Bu qərar, əslində, Avstraliyada avtomobil istehsalı sənayesinin iflası deməkdir.

Ötən ilin oktyabrında ABŞ-ın digər avtomobil istehsalı şirkəti “Ford” da Avstraliyadakı istehsal xəttini bağlayıb. Oktyabrın əvvəlində isə Yaponiyanın “Toyota” şirkəti bu ölkədəki biznesini dayandırdığını elan edib.


Müəllif: Teleqraf.com