18 Oktyabr 2017 16:43
821
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin Avropa Birliyindən ayrılması prosesi London üçün əməllicə baş ağrısına çevrilməkdədir.

Teleqraf.com xəbər verir ki, London Avropa Birliyindən indiki şərtlər altında ayrılsa və tərəflər arasında iqtisadi razılaşma əldə edilməsə, bu, inflyasiyaya səbəb olacaq. Nəticədə hər bir ingiltərəli ailə ildə 345 dollar ziyan çəkəcək.

Böyük Britaniyanın Ticarət Siyasəti Agentliyinin ötən gün açıqladığı araşdırmaya görə, artan qiymətlər fonunda 3 milyondan çox insanın hər biri üçün xərclər əlavə olaraq 664 dollar çoxalacaq.

İş ondadır ki, Böyük Britaniya Avropa İttifaqı ilə 2019-cu ilin martından sonra yeni bir iqtisadi razılaşma imzalamasa, bu zaman tərəflər ticarət və iqtisadi sahədə əməkdaşlıq edərkən Dünya Ticarət Təşkilatının müəyyən etdiyi qaydaları əsas götürməli olacaq.

İngiltərənin baş naziri Tereza May hesab edir ki, pis şərtlər altında müqavilə bağlamaqdansa, bağlamamaq daha yaxşıdır.

Amma biznes dünyası və iqtisadçılar baş nazirin bu fikri ilə razılaşmır. Çünki Böyük Britaniya ilə Avropa Birliyi arasında ticarətin həcmi 656 milyard dollardır.

Mütəxəssislər hesab edirlər ki, tərəflər arasında iqtisadi sahədə razılaşma olmayacağı təqdirdə Avropadan İngiltərəyə ixrac edilən süd məhsullarının qiymətində 45 faiz artım olacaq. Ət məhsullarında isə artım 37 faiz olacaq.

Üstəlik geyim, içki və tütün məhsulları 10 faiz vergi artımına məruz qalacaq.


Müəllif: Cavad