21 Oktyabr 2017 11:58
636
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da aktiv neft quyularının sayı 14-20 oktyabr həftəsində 7 ədəd və ya 0,94% azalaraq 736 ədəd təşkil edib. ABŞ-da fəaliyyətdə olan neft-qaz quyularının ümumi sayı isə hesabat həftəsi ərzində 15 ədəd və yaxud 1,62% azalaraq 913 ədədə geriləyib.

Bu barədə ABŞ-ın "Baker Hughes" xəbər verir.

Keçən ilin eyni dövrü ilə müqayisədə neft quyularının sayı 293 və yaxud 66%, qaz quyularının sayı isə 69 ədəd və ya 64%, ümumilikdə isə neft-qaz quyularının sayı 360 ədəd və yaxud 65% artıb.

Xatırladaq ki, ABŞ-da fəaliyyətdə olan neft quyularının sayı ötən il mayın 25-də 316 ədəd olub, bu da son 7 ilin minimal həddidir. Hazırda aktiv neft quyularının sayı minimumdan 2,33 dəfə çoxdur. Bu göstərici rekord səviyyəyə isə 2014-cü ilin oktyabrında çatıb və 1 609 ədəd təşkil edib. Hazırda quyuların sayı rekord həddən 54,3% aşağıdır.

"Report"un analitik qrupu qeyd edir ki, yaxın 3-6 ay ərzində neftin qiymətinin 45-60 dollar/barel diapazonunda hərəkət edəcəyi gözlənilir: "Neftin qiymətinin 45 dollar/barel ətrafında olması ABŞ-da aktiv neft quyularının sayının artmasını ləngidəcək, 55 dollar/bareli ötməsi isə quyuların sayının artmasını sürətləndirəcək". Hazırda aktiv quyuların sayında müşahidə olunan azalmanın səbəbi kimi baş vermiş qasırğalar göstərilir. Qısa müddət ərzində aktiv quyuların sayında kəskin artım müşahidə oluna bilər.

Qeyd edək ki, cari il avqustun 11-də ABŞ-da aktiv neft quyularının sayı bu ilin maksimum həddinə çataraq 768 ədəd təşkil edib və hazırda aktiv quyuların sayı bu səviyyədən 32 ədəd və ya 4,17% aşağıdır. ABŞ-da neft hasilatı bu həftə 11% azalaraq 8,4 mln. barel/gün təşkil edib.


Müəllif: Teleqraf.com