21 Oktyabr 2017 15:11
2 678
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali İraq Kürd Muxtariyyətinin neft gəlirləri 460 milyon dollar azalıb. Bu səbəbdən də muxtariyyətdə dövlət qurumlarında və idarələrdə işləyən şəxslərin əmək haqlarının ödənməsində problem yaranıb.

Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, 25 sentyabrda müstəqillik referendum keçirən Məsud Bərzani tarixin ən böyük maliyyə böhranı ilə üz-üzədir.

Şimali İraq Kürd Muxtariyyəti Kərkük şəhərini itirməklə və buradakı neft quyuları mərkəzi İraq hökumətinin nəzarətinə keçməklə ayda 450-460 milyon dollar maliyyədən məhrum olub.

Muxtariyyətin neft gəlirlərinin azalması səbəbindən məmurların, müəllimlərin və digər büdcə təşkilatında çalışanların əmək haqlarını ödəməkdə çətinlik çəkəcəyi, cari xərcləri azaldacağı gözlənilir.

Məlumata görə, müstəqillik referendumuna qədər muxtariyyət Kərkük, Taq-Taq, Tavke və digər neft quyularından gündəlik 600 min barel neft çıxararaq Türkiyənin Ceyhan limanı vasitəsilə dünya neft bazarına ötürürmüş. Mərkəzi hökumətin Kərkük şəhərini geri aldıqdan sonra hazırda muxtariyyət Taq-Taqda 15, Tavkedə 120 və digət sahələrdə isə cəmi 80-85 min barel neft istehsal edə bilir. Bu isə muxtariyyətə aylıq 228 milyon dollar qazandırır.

Mütəxəssislər bu maliyyənin Ərbil üçün olduqca az hesab edir və düşünürlər ki, bu durum ciddi fəsadlar yarada bilər.


Müəllif: Cavad