21 Oktyabr 2017 15:43
1 841
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran İnqilab Keşikçiləri Qvardiyası – SEPAH-ın “Qüds” korpusunun komandiri, general Qasım Süleymani ilə bağlı yeni məxfi məlumatlar ortaya çıxıb.

Röyter Kərkük şəhərinin peşmərgə güclərindən azad edilməzdən öncə Qasım Süleymaninin məxfi görüşlər keçirdiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Kərkük hadisələrindən əvvəl general Qasım Süleymani bir neçə dəfə Kürdüstan Yurdsevərlər Birliyinin üzvüləri ilə görüşüb.

Birinci görüşü zamanı “Qüds” korpusunun komandiri kürdlərə deyib ki, İraqın baş naziri Heydər İbadi region dövlətləri və qərbin dəstəyinə sahibdir. Əgər İraq hökuməti Kərküklə bağlı qərar versə, kürdləri yenidən dağlara göndərmək üçün İbadinin qarşısında heç bir güc durmayacaq.

Bundan başqa, Qasım Süleymani bildirib ki, Kürdüstan Yurdsevərlər Birliyinin üzvləri geri çəkilməsə, İranın strateji müttəfiqi statusunu itirmək məcburiyyətində qalacaq.

Qeyd edək ki, Kərkükün sabiq valisi və Kürdüstan Yurdsevərlər Birliyinin məclis üzvü Nəciməddin Kərim peşmərgənin Kərkükü döyüşsüz tərk etməsi mövzusunda Cəlal Tələbani ailəsi ilə Qasım Süleymani arasında razılıq əldə olunduğunu iddia etmişdi.

Nəciməddin Kərim “Blomberq”ə açıqlamasında qeyd edib ki, peşmərgənin Kərkükdən ani geri çəkilməsinin arxasında Cəlal Tələbani ailəsinin İraq mərkəzi hökuməti və İranla əldə etdiyi razılaşma durur.


Müəllif: Cavad