22 Oktyabr 2017 23:49
1 834
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın sabiq prezidenti Cəlal Təlabaninin oğlu, Kürdüstan Yurdsevərlər Birliyinin (KYB) lideri Bafel Talabani peşmərgənin Kərkükdən geri çəkilməsinin səbəblərindən danışıb.

Teleqraf.com xəbər verir ki, o, "A Haber"ə açıqlamasında bildirib ki, peşmərgə son illər Kərkükün müdafiəsində ciddi rol oynayıb: "Bu dəfə daha güclü ordu ilə qarşı-qarşıya qaldılar. Komandirlər 100-ə yaxın peşmərgə üzvünün ölümündən sonra geri çəkilməklə bağlı taktiki gediş etdilər. Əsas səbəb budur. Minlərlə peşmərgəni itirməmək, müharibənin Kərkükün mərkəzində getməməsi və mülki şəxslərin ölməməsi üçün komandirlər geri çəkilmək qərarını verdilər".

Təlabani ona qarşı xəyanət ittihamlarına da münasibət bildirib: "Məni ittiham edənləri mən də ittiham edirəm. Kərkükdə baş verənlərlə bağlı araşdırma aparılmalıdır. Kürd liderləri barədə də araşdırma aparılmalıdır. Kürd birliyinə xələl gətirəcək addım atmayacam. Özümüzə bu sualı verməliyik. Bu nöqtəyə necə gəldik? Referendum ən son hədəfimiz deyildi. ABŞ təmsilçiləri təkliflə gəlmişdilər. Bağdadla müzakirə aparsaq iki il müddətində müstəqillik referendumunun keçirilməsinə zəmanət verirdilər. Təəssüf ki, kürd liderlər tarixi fürsəti əldən verdilər. Bu, böyük bir səhv idi. Kərkükdə İraq ordusu irəliləyərkən baş nazir Abadi bizimlə əlaqə saxladı. Anlaşma təklif etdi. İraq ordusunun təktərəfli olaraq Keyvan hərbi bazasına yerləşdirilməsini təklif etmişdi. Biz həmin bazada İŞİD-lə Mübarizə üzrə ortaq Koalisiya yaradılmasını təklif etdik və anlaşdıq. Bu, ən sərfəli anlaşma idi. Kərkük əlimizdə olacaqdı. Heç kəsə zərər dəyməyəcəkdi. Təəssüf ki, kürd liderlər doğru qərar qəbul edə bilmədilər. ABŞ-ın təklifinin rədd edilməsi böyük xəta idi".


Müəllif: Ruslan