23 Oktyabr 2017 17:38
714
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyada 24 sentyabr Bundestaq seçkilərindən sonra deputatların sayı 630-dan 709-a qalxıb. Bu səbəbdən də Bundestqda deputatların yerləşməsi və qəbul otağı problemi ortaya çıxıb.

Teleqraf.com xəbər verir ki, Bundestaq rəhbərliyi yaranan problemi həll etmək məqsədilə Almaniya üçün Alternativ Partiyası və FDP-dən olan deputatlara Adolf Hitler dövründə Daxili İşlər Nazirliyinin istifadə etdiyi inzibati binanı ayırıb.

Sözügedən bina Almaniya Demokratik Respublikası dövründə Ədliyyə Nazirliyinin inzibati mərkəzi kimi də istifadə olunub. Binanın qapılarında hələ də Hitler dövründə mövcud olan və nasistlərin əsas emblemi kimi qəbul olunan xaç işarəsi var. İki partiyanın bu binadan müvəqqəti və ya həmişəlik istifadə edəcəyi barədə dəqiq informasiya yoxdur.

Qeyd edək ki, Xristian Demokrat İttifaqının 30 deputatı 4 seçki dönəmində fəaliyyətini bu binada həyata keçirib.

Bu haqda danışan hakim partiyanın nümayəndəsi Hendrik Hoppenstedt deyib ki, xaç işarəli qapıdansa daha münasib yerlər var:

“Ancaq tariximizin bu qaranlıq hissəsini də unutmamalıyıq”.

Qeyd edək ki, buna qədər Bundestaqda FDP-çi deputatlar Almaniya üçün Alternativ Partiyasından olan deputatlarla yan-yana oturmaq istəmədiklərini bəyan etmişdilər. İndisə onlar eyni binada işləmək məcburiyyətində qalacaq.

Sonda xatırladaq ki, Almaniya üçün Alternativ Partiyası qatı millətçi partiyadır və “Almaniya almanlarındır” şüarı ilə siyasətə qatılıb. Onlar açıq elan etməsələr də, özlərini Adolf Hitler siyasətinin davamçıları sayırlar.


Müəllif: Cavad