16 Noyabr 2017 15:39
835
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO 2018-ci ildə Əfqanıstanda hərbi iştirakçılığını artıracaq. Hazırda Əfqanıstanda NATO-nun 13 min əsgəri var. 2018-ci ildə bu say 16 minə qaldırılacaq.

Teleqraf.com xəbər verir ki, bu sözləri NATO Baş Katibi Yens Stoltenberq deyib.

Beynəlxalq Təhlükəsizlik Formunda iştirak üçün Torontoya gedən baş katib jurnalistlərin suallarını cavablandırıb:

“Əfqanıstanda NATO komandanı Con Nikolos 16 min hərbçiyə ehtiyac olduğunu deyib. Biz bu haqda düşünürük. Müttəfiqlərimizdən daha çox birliklərin Əfqanıstana göndərəcəkləri haqda vədlər və düşüncələr eşitmişik. 2018-ci ilə keçdikdən sonra Əfqanıstanda NATO yetərli gücə sahib olacaq. Əfqanıstanda olan 13 minlik heyətimizi əlavə 3 min hərbçi ilə gücləndirəcəyik”.

Əfqanıstanda qarşıdurmaları, vəziyyətin mürəkkəbliyini diqqətə çatdıran NATO rəhbəri bildirib ki, Alyans çox əhəmiyyətli irəliləyişlər əldə edib:

“Əfqanlar Talibanın hücumlarına hər an müqavimət göstərirlər. Onlar bu il Talibanın strateji hədəfi olan əyalətlərin əsas şəhərlərini ələ keçirmək istəyinin qarşısını alıblar”.

Qətər və Birləşmiş Ərəb Əmirliklərinin Əfqanıstana hərbiçilər göndərəcəyini qeyd edən Yens Stoltenberq bildirib ki, ən yaxşı yol yerli əhalinin Əfqanıstanı müstəqilliyə və təhlükəsiz bir məmləkətə qovuşdurmasıdır.


Müəllif: Cavad