16 Noyabr 2017 17:20
851
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqində separatçı hərəkat nəticəsində özlərini “müstəqil dövlət” elan etmiş Donetski və Luqanski liderləri ilə ilk dəfə müzakirə aparıb.

Teleqraf.com “Sputnik”ə istinadla xəbər verir ki, Kremlin sözçüsü Peskovun sözlərinə görə, Vladimir Putin Donetski lideri Aleksandr Zaxarçenko və Luqanski lideri İqir Plotnitski ilə müzakirələri telefonla edib.

Putin müzakirə zamanı Ukraynanın şərqində müharibə vəziyyətində olan tərəflərin əsirləri dəyişdirməsi və azad edilməsi təşəbbüsünü dəstəklədiyini deyib.

Donetski və Luqanski liderləri əsirlərin dəyişdirilməsi üçün detalların Ukrayna hökuməti təmsilçiləri ilə görüşüb müzakirə etməyə hazır olduqlarını deyiblər.

Rusiya mediası xəbər yayıb ki, müharibə tərəfləri arasında əsir dəyişdirilməsi yeni ilə qədər baş tutacaq.

Bu ara bəlli olub ki, Putin Luqanski və Donetskinin saxta liderləri ilə paralel olaraq Moskva yaxınlığında ukraynalı siyasətçi Viktor Medvedçukla da görüşüb. Medvedçuk Putinlə görüşü zamanı Ukrayna hökumətinin əlində olan 306 əsirin sərbəst buraxılmasına hazır olduğunu, Donetski və Luqanksinin də bunun qarşılığı olaraq 74 əsiri azad etməsini gözlədiklərini deyib.

Viktor Medvedçuk vaxtı ilə Ukraynanın prezidenti Kuçmanın köməkçisi olub və Rusiyaya yaxın siyasətçi kimi tanınır.


Müəllif: Cavad