19 Noyabr 2017 10:47
863
12 Punto 14 Punto 16 Punto 18 Punto

Katolik kilsəsi ömürlük həbs cəzasına məhkum olunan və noyabrın 17-də müalicə aldığı xəstəxanada vəfat edən “Koza Nostra” mafiyasının üzvü, “Baba” ləqəbli Toto Riinaya embarqo tətbiq edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, İtaliya Katolik Kilsəsi Riina üçün cəmiyyətə açıq dəfn mərasiminin keçirilməsinə icazə verməyib və bunun müzakirə mövzusu olmayacağını bəyan edib.

Əvvəllər mafiya üzvlərinə xüsusi qayğı göstərən Katolik Kilsəsi son illər mafiyanı sərt tənqid etməyə başlayıb. Bu məsələdə Roma Katolik Kilsəsinin lideri, Papa Franseskonun mövqeyi xüsusilə gözə çarpır. Papa 2014-cü ildə səfərlərinin birində mafiyanı ciddi tənqid etmişdi.

Kilsə bəyan edib ki, Riina vətəni olan Karleone qəsəbəsinə aid Monrealedə dəfn edilə bilər, əgər ailə istəsə məzarlıqda xüsusi dua mərasimi mümkündür.

Mafiya başçısı olan Toto Riinanın keçmiş dostu, 20 cinayətdə günahlandırılan Qaspar Mutolo Romada jurnalistlərə Riina haqqqında danışıb. Deyib ki, özü 55 yaşında mafiyadan ayrılıb, dövlətlə əməkdaşlıq etdiyi üçün xüsusi mühafizə altına alınıb:

“Riinanın ölümünü eşitdikdə təəssüfləndim. O, həm də dostum idi. Mafiya dünyasında sağ qalmağıma dəstək olmuşdu. Ancaq cəhənnəm varsa Riina cəhənnəmə gedəcək. Çünki minlərlə insan öldürüb”.

Qaspar Mutolo 1965-ci ildə Riina ilə həbsxanada domino oynadığını xatırlayıb: “Riina xarizmatik şəxsiyyət idi. Səfeh deyildi, amma xüsusi bir zəkaya da sahib deyildi, lakin çox qəddar idi. O, rəhbərliyə gəlməzdən əvvəl mafiyanın “dəyərləri” vardı, ciddi şərtlərdən biri o idi ki, qadın və uşaqlara heç bir halda toxunmaq olmazdı.

Əvvəl mafiya ancaq problemi olduği kişiləri öldürürdü. Riina isə mafiyaya dəxli olmayan insanların da öldürüldüyü terror hadisələri törətdi, dövlət adamlarına sui-qəsd təşkil etdi. Mafiya daxilində buna qarşı çıxanları da öldürürdü. Onun ölümündən sonra mafiya toplaşaraq özünə yeni lider seçəcək”.


Müəllif: Cavad