19 Noyabr 2017 17:13
949
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:11

Bu gün Türkiyə, Rusiya və İran xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Teleqraf.com "Ria Novosti"yə istinadla xəbər verir ki, görüş Türkiyənin Antalya şəhərində keçiriləcək.

Mövlud Çavuşoğlu, Sergey Lavrov və Məhəmməd Cavad Zərif görüş zamanı Suriya böhranını müzakirə edəcəklər.

Bu, nazirlərin üçtərəfli formatda ilk görüşü deyil. Ötən ilin dekabrında nazirlər Suriyada böhran tərəflərinin Astanada görüşünün keçirilməsi ilə bağlı razılığa gəliblər.

Bundan sonra 9 ay ərzində tərəflər arasında 7 dəfə görüş keçirilib. Görüşlər zamanı Suriyanın cənub-qərbində, Şərqi Qutada, Hums şəhərində və İdlib vilayətində təhlükəsiz zonaların yaradılması barədə qərar verilib.

***

12:45

Türkiyə, Rusiya və İran xarici işlər nazirlərinin Antalya görüşü başlayıb.

Nazirlər Suriya böhranı ilə yanaşı, noyabrın 22-də Soçidə baş tutacaq üç ölkə liderlərinin görüşünə hazırlıqlar məsələsini müzakirə edəcəklər.

***

Türkiyə, İran və Rusiya XİN rəhbərlərinin Antalyada baş tutan görüşündə demək olar ki, bütün vacib məsələlərdə razılıq əldə edilib.

Bu barədə Rusiya Xarici İşlər naziri Sergey Lavrov jurnalistlər qarşısında çıxışı zamanı bildirib.

“22 noyabrda Soçidə keçiriləcək üç ölkənin prezidentlərinin zirvə toplantısının hazırlanmasına dair konkret məsələləri müzakirə etmək üçün toplaşdıq. Görüş çox faydalı keçdi, bütün əsas məsələlər üzrə razılığa gəldik”, - Lavrov deyib.

Lavrov həmçinin Soçi sammitindən öncə ölkələrin Baş Qərargah rəislərinin üçtərəfli görüş keçirəcəyini açıqlayıb.


Müəllif: Samir