25 Noyabr 2017 09:21
1 547
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq Şam İslam Dövlətinin (İŞİD) Suriya və İraqda məğlub edilməsi fonunda terror qruplaşması əsasən, Şimali Qafqaz və Əfqanıstanda cəmləşməyə cəhd edir.

Bunu Teleqraf.com-a açıqlamasında Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun rəhbəri, siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib.

O qeyd edib ki, artıq Əfqanıstanda İŞİD-in təxminən 4 minə yaxın üzvü var:

“Terror təşkilatı silsilə kamikadze hücumları həyata keçirməklə həm üzvlərinin sayını artırır, həm də bu ölkədə hakimiyyət uğrunda mübarizəyə başlayır. Əfqanıstanda İŞİD terror təşkilatının üzvləri arasında əsasən, Özbəkistan əsillilər, Şimali Qafqazda isə çeçenlər üstünlük təşkil edir. Bu regionlara terrorun yayılması qlobal güclərin Rusiya və Çin ətrafında halqa yaratmaq istəməsinin nəticəsidir. İŞİD Əfqanıstandan Mərkəzi Asiyaya sızaraq, Özbəkistan və Qırğızıstanda da üzvlərinin sayını artıracaq”.

Siyasi şərhçi qeyd edib ki, İŞİD terror təşkilatının Şimali Qafqazda fəallaşması Azərbaycanın təhlükəsizliyini təhdid edən əsas faktorlardan biridir:

“Ötən günlərdə Gürcüstanda yaşanan anti-terror əməliyyatı göstərir ki, artıq terror qruplaşması regionda yer eləməyə başlayıb. Azərbaycan şimal sərhədlərini möhkəmləndirməli, terrora qarşı təhlükəsizlk tədbirlərini gücləndirməlidir. İŞİD-in Əfqanıstanda möhkəmlənməsi, həmçinin Özbəkistanda fəallarının sayını artırması ilə yaxın perspektivdə terrorun yeni dalğasının şahidi ola bilərik. Belə ki, İŞİD artıq Əfqanıstanda “Taliban”la silahlı qarşıdurmaya gedir. İŞİD-in Əfqanıstanda möhkəmlənməsi isə Rusiyanın İŞİD-ə qarşı “Taliban”ı silahlandırmasına səbəb olur. Bu da Əfqanıstanda yeni qeyri-sabitliyə yol açır. Göründüyü kimi, Suriyada gedən geosiyası savaş başa çatdıqca, yeni qarşıdurma meydanı Əfqanıstan və Mərkəzi Asiya olcaq. Xüsüsilə, Əfqanıstanda yeni müharibənin alovlanması an məsələsidir”.

Politoloq onu da bildirib ki, Şimali Qafqaz və Əfqanıstanda, xüsusilə Mərkəzi Asiyada terror təşkilatının güclənməsi və təhüləkəsizliyin zəifləməsi ABŞ-ın strateji planlarının tərkib hissəsidir:

“Nəzərə almaq lazımdır ki, qeyd olunan regionlarda Rusiyanın təsir dairəsi genişlənir. ABŞ bu regionlarda Rusiyanın zəiflədilməsi istiqamətində yeni siyasətini ortaya qoyacaq”.


Müəllif: Səxavət