6 Dekabr 2017 15:29
1 414
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və Səudiyyə Ərəbistanının Qüds planının detalları ortaya çıxıb.

Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, plana əsasən, Qüds İsrailin paytaxtı olacaq, Fələstinə isə paytaxt olaraq Abu Dis təklif olunacaq. Eyni zamanda fələstinlilərin geri dönüş haqqı tanınmayacaq.

Qeyd edilir ki, ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner tərəfindən hazırlanan planın detalları tərdricən ortaya çıxır.

İsrailin “Yerusalim Post” qəzetində çap olunan məqalədə qeyd edilir ki, oktyabrda Ər-Riyada gələn və burada məxfi toplantı keçirən Kuşner vəliəhd şahzadə Məhəmməd bin Salmanı bu plana razı salıb.

Qeyd olunur ki, Kuşnerlə müzakirələrdən sonra Fələstin dövlət başçısı Mahmud Abbas ilə Kral Salman görüşüb. Görüşdə kral Salman Mahmud Abbasa bu planı təklif edib. Bu plana görə, 1948-ci ildə Ərəb-Fələstin müharibəsindən sonra İsraili tərk edən fələstinli millətçilərin və onların nəslindən olanların geri qayıtması haqqı əllərindən alınacaq.

İddia edilir ki, Kuşnerin planını qəbul edən kral Salman Mahmud Abbasla görüşü zamanı onu bu planı qəbul etməyə razı salıb. Hətta iddia edilir ki, Ər-Riyadda Mahmud Abbasla görüşən kral Salman Fələstin liderinə “ya planı qəbul et, ya da istefa ver” deyə onu təhdid də edib.

Fələstin mənbələri isə ABŞ Prezidenti Donald Trampla Fələstin lideri Mahmud Abbas arasında baş tutan telefon söhbəti zamanı Trampın ABŞ səfirliyini Tel-Əvivdən Qüdsə köçürmə niyyətini açıqladığı bildirilir. Tramp Mahmud Abbasdan sonra İordaniya Kralı Abdullah, İsrail Baş naziri Netenyahu ilə də müzakirələr aparıb.

İordaniyadan verilən açıqlamada bildirilib ki, Kral Abdullah Donald Trampa BMT xaricində hər hansı bir qərarın alınmaması, sülh və müstəqilliyə problem yaradacaq təhlükələr mövzusunda xəbərdarlıq edib.

Tramp-Netenyahu müzakirələrindən əvvəl açıqlama verən İsrail kəşfiyyatının rəhbəri İsrail Katz bildirib ki, onun anladığı qədər görüşdə Tramp Qüdsü İsrailin paytaxtı olaraq tanıdığını açıqlayacaq.

Bu gün Türkiyə mətbutaında yayılan başqa bir xəbərə görə isə Səudiyyə Ərəbistanı Kralı Salman ibn Əbdüləziz ABŞ Prezidenti Donald Trampla telefon danışığında Qüdsün statusu ilə bağlı hər hansı dəyişikliyin İsrail-Fələstin sülh danışıqlarına təsir edəcəyini və bölgədə vəziyyəti gərginləşdirəcəyini bildirib. Kral ABŞ-ın bu istəyini təhlükəli addım kimi dəyərləndirib.


Müəllif: Cavad