9 Dekabr 2017 18:45
2 911
12 Punto 14 Punto 16 Punto 18 Punto

Donald Trampın son addımı fələstinlilərə qarşı ikiqat qəsbkarlıqdır. Hesab edirik ki, islam dünyası ayağa qalxıb bu təcavüzün qarşısını almalıdır.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri İranın dini lideri Əli Xameneyiyə yaxınlığı ilə seçilən axund Əhməd Xatəmi deyib:

“Trampın verdiyi qərar son 70 ildə Fələstin mövzusu və məsələsi ilə bağlı aparılmış bütün müzakirələrin üstündən qırmızı xətt çəkdi və məlum oldu ki, Fələstin məsələsinin yeganə həll yolu müharibədir.

Mən üzümü fələstinlilərə tutub deyirəm ki, nə qədər bu cinayətkar işğalçı rejimə qarşı mübarizə aparıb ona çox zərbə vursanız, Allahın bəyəndiyi bir işi yerinə yetirmiş olarsanız. Biz isə Ağ Ev sakinlərinin yuxusunu pozmaq və zülmkar canavarların mümkün təcavüzünün qarşısını almaq üçün raket istehsal edirik. Biz raketlərimizin gücünü və qət edə biləcəyi məsafəni bacardığımız qədər artıracağıq. Əgər bir gün İsrail bizə qarşı hansısa bir səhv etmək istəsə, Tel-Əvivi yerlə yeksan edəcəyik”.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp dekabrın 6-sı axşam saatlarında Ağ Evdə televiziya vasitəsilə etdiyi tarixi çıxışda Vaşinqtonun Qüdsü İsrailin paytaxtı kimi tanıdığını bəyan edib. Tramp ölkəsinin Tel-Əvivdəki səfirliyini Qüdsə köçürücəyinə söz verib.


Müəllif: Teleqraf.com