10 Dekabr 2017 15:52
861
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəsmi Tiflis Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin Ukraynadan ekstradisiyası barədə müraciətini ləğv etmək niyyətində deyil.

Bunu jurnalistlərə açıqlamasında Gürcüstanın mədəniyyət naziri Mixail Qeorqadze bildirib.

M.Qeorqadze deyib ki, heç kim M.Saakaşvilinin ekstradisiyası barədə müraciəti ləğv etmək niyyətində deyil, eyni zamanda Gürcüstandan Ukraynaya bu barədə yeni müraciət göndərilməyib: "Mixeil Saakaşvilinin Kiyevdə saxlanılmasına gəlincə, Ukrayna tərəfinin konkret məsələ ilə bağlı konkret sualları var".

Qeyd edək ki, 2014-cü ildə Gürcüstanda M.Saakaşviliyə bir sıra ittihamlar irəli sürülüb. Sabiq prezident 2007-ci il noyabrın 7-də aksiyaçılara qarşı zorakılıqda, "İmedi" telekanalına hücumun təşkilində, biznesmen Badri Patarkatsişvilinin əmlakını qanunsuz mənimsəməkdə, 2005-ci ildə deputat Valeriya Qelaşviliyə qarşı hücum təşkil etməkdə, bankir Sandro Qirqvlianinin qətlinin istintaqına mane olmaqda, 2009-2012-ci illərdə dövlət vəsaitindən sui-istifadə etməkdə günahlandırılır (APA).


Müəllif: Teleqraf.com