17 Yanvar 2018 15:36
4 840
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında Afrin əməliyyatlarına başlamağa hazırlaşır. Ankaranın bu planı PKK terror təşkilatının Suriya qolu olan PYD/YPG silahlılarını təşvişə salıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, ilk olaraq, çox sayda xəndəklər qazan, digər bölgələrdəki silahlılarını Afrinə çağıran PKK-çılar bu gün dünya ictimaiyyətinə yardımla bağlı çağırış ünvanlayıblar. Bunun ardından isə türk ordusundan qorunmaq üçün mülki sakinlərin yaşadığı bölgələrdə gizləniblər.

Terrorçular bununla da dinc durmaq niyyətində deyil. Məlumata görə, hazırda PKK-çılar dinc sakinlərdən canlı sipər düzəltmək niyyətinə düşüblər.

Onlar silahla hədələdiyi sakinləri terrorçu geyimində türk ordusunun üzərinə göndərməyi düşünürlər. Bu isə TSK üçün çox çətin döyüşlərin olacağı anlamına gəlir.

Bundan başqa, Afrinin dağlıq relyefdə yerləşməsi əməliyyatları çətinləşdirən amillərdəndir. Terrorçular belə relyefdə asanlıqla gizlənə və əks hücuma keçə bilirlər.

Türkiyənin ehtiyat etdiyi ən böyük amil isə ABŞ-ın 2016-cı ildən bu yana PKK terrorçularına verdiyi silahlardır.


Müəllif: Samir