19 Yanvar 2018 15:35
1 011
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli Təhlükəsizlik Şurasının kütləvi qırğın silahlarının yayılmasına qarşı keçirilən iclasında çıxış edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, İranın regionda sülh və sabitliyə qarşı yürütdüyü siyasətindən danışıb.

Heyli bildirib ki, hazırda öz kütləvi qırğın silahları ilə dünyanı təhdid edən rejimlər təhlükəsizlik məsələlərində ortaya çıxan bütün problemlərin mənbəyi sayılırlar: “Bu rejimlər öz vətəndaşlarının insan hüquqlarını pozur, onların əsas azadlıqlarını məhdudlaşdırır, regional sabitliyə xələl gətirirlər. Belə rejimlər terrorçu qruplaşmalara yardım edir, regionda baş verən münaqişələrin yayılmasına şərait yaradırlar. Sonda isə həmin münaqişələr onların öz sərhədlərinə qədər gəlib çıxır.

Bu gün İran hakimiyyəti dünyanın ən qeyri-sabit bölgəsi sayılan Orta Şərqdə sülh və sabitliyin pozulmasının əsas səbəbkarıdır. Tehran rejimi terrorçu qruplaşmaları, başqaları tərəfindən bölgədə vuruşan yaraqlı dəstələri və cinayətkar Əsəd hakimiyyətini dəstəkləyir.

Bu rejim BMT-nin silahlanmaya qarşı qoyduğu sanksiya və qadağaları pozaraq, ballistik raketlər istehsal edir, husilərin əli ilə qeyri-hərbi mövqeləri hədəfə alır”.


Müəllif: Samir