19 Yanvar 2018 23:24
1 399
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Tramp Meksikanın dünyanın ən təhlükəli ölkəsi olduğunu iddia edərək ölkə sərhəddinə divar hörülməsi tələbini yenidən gündəmə gətirib.

Teleqraf.com-un məlumatına görə, Tramp sosial şəbəkədəki paylaşımda ABŞ-ın təhlükəsizliyi və stabilliyi üçün səddə ehtiyac olduğunu vurğulayıb.

“Dünyada bir nömrəli təhlükəli ölkə olaraq qiymətləndirilən Meksikadan kütləvi narkotik axınının qarşısını almaq üçün divar lazımdır. Sədd olmazsa, razılaşma da olmaz”, - deyə Tramp qeyd edib.
Onun fikrincə, divarın hörülməsi üçün vəsaiti dolayısı və ya birbaşa yolla Meksika ödəməlidir: “Divar hörülməsi ilə bağlı ilkin rəyim dəyişməyib”.

Meksika Xarici İşlər Nazirliyi isə Trampın “dünyanın ən təhlükəli ölkə” kimi xarakterizə etməsinə sərt reaksiya verib. Nazirlik Trampın bu qiymətləndirməsinin tamamilə yanlış olduğunu bəyan edib.

Xatırladaq ki, Meksika Dünya İqtisadi Forumunun ən təhlükəli 20 ölkə siyahısında yer almayıb.


Müəllif: Kəmalə