21 Yanvar 2018 20:39
1 053
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyanın Baş Prokurorluğu Kataloniya Muxtar Vilayətinin rəhbəri olmuş və birtərəfli şəkildə vilayətin müstəqilliyini elan edəndən sonra barəsində cinayət işi açıldığı üçün Belçikaya qaçmış Karlos Puçdemonun Danimarkaya səfər edəcəyi təqdirdə onun həbsi tələbini yenidən gündəmə gətirəcəklərini bəyan edib.

Teleqraf.com xəbər verir ki, İspaniya prokurorluğu Puçdemonun Kopenhagen Universitetində keçiriləcək konfransda iştirak üçün bu ölkəyə səfər edəcəyinə dair xəbərlərin rəsmi təsdiqini gözləyir.

Əgər xəbər təsdiqlənərsə prokurorluq Danimarkanın Puçdemonu həbs etməsi üçün İspaniya Ali Məhkəməsi qarşısında məsələ qaldıracaq. İspaniya Ali Məhkəməsi Avropa miqyasında "həbs və təhvilvermə" qərarını yenidən gündəmə gətirə bilər.

2017-ci il 1 oktyabrda keçirilən qeyri-legitim referendumdan sonra həmin ayın 27-də Kataloniyanın müstəqilliyi təktərəfli şəkildə elan olunub. Elə həmən gün İspaniya senatı Kataloniya parlamentini buraxıb və dekabrın 21-də seçkilərin keçiriləcəyini bəyan edib.

Kataloniya hökumətinin bəzi nümayəndələri həbs edilsə də, separatçıların lideri Puçdemon başda olmaqla 3 nazir Belçikaya qaçıb.


Müəllif: Ayxan