14 Fevral 09:31
3 687

Saakaşvili ilə bağlı baş verənlər çox sadə bir şeydir. Ukrayna hakim zümrəsi hər dəfə demokratiya, avropalaşmaq adı altında hakimiyyətdə olanı kənarlaşdırır. Burada da məqsəd birdir – ölkəni qarət etmək.

Bunu Yeni Qüvvələr Hərəkatı Partiyasının lideri Mixail Saakaşvilinin Ukraynadan Polşaya readmissiya edilməsinə münasibət bildirən politoloq Zərdüşt Əlizadə bildirib.

O qeyd edib ki, Ukraynanın avropalaşması adı altında faşitlər üzə çıxdı və onlar nümayişlər etdilər:

“Potoşenko da Qərbə xoş gəlmək üçün orda korrupsiyaya qarşı mübariz, təmiz, savadlı insan kimi tanınan 5-10 nəfəri işə götürdü. Litvadan çox savadlı Ayvaras Abromaviçyusu iqtisadi inkişaf və ticarət naziri təyin etdi, korrupsiya ilə mübarizə apardığını göstərmək üçün Saakaşvilini Odessa vilayətinə qubernator qoydu. Saakaşvili də həqiqətən korrupsiyaya qarşı mübarizə aparmağa başladı və gördü ki, bu korrupsiyanın ucu Petro Poroşenkoya, “narıncı inqilab”ın liderlərinə, baş nazir Arseni Yaçenyuka, Daxili İşlər naziri Arsen Avakova gedib çıxır. O da başladı onların üzünə “oğru”, “möhtəkir” deməyə. Axırda Poroşenko dözmədi və Saakaşvilini ölkədən çıxardı. Əgər Ukraynanın hakim zümrəsi Saakaşvilinin tərəfində dayanmadısa, bu onu göstərir ki, onların hamısı Sakaşvilinin təmizliyindən, korrupsiyaya qarşı mübarizəsindən qorxurlar”.

Z.Əlizadə qeyd edib ki, fevralın 12-də Saakaşvilini ölkədən readmissiya etməklə Poroşenko öz tabutuna 20 santimetrlik mıx vurdu:

“Qərbdə onun hörməti onsuz da get-gedə düşmüşdü. Hamı bilirdi ki, o korrupsionerdir. Birincisi, Saakaşvilini ölkədən çıxartmağı, ikinci isə dil haqqında qanun qəbul etməsi – milli azlıqların dillərini məhdudlaşdırması, üçüncüsü isə bütün Şərqi Avropa ölkələri ilə münasibətləri korlaması Poroşenkonun nüfuzuna böyük zərbə vurdu. Polşa, Macarıstan və Rumıniya ilə münasibətləri korlanıb, Rusiya ilə pisdir. Torpaqlarını itirib, bundan sonra da itirəcək. Hazırkı Ukrayna hakim zümrəsi ölkəni xilas etməyə qadir deyil”.

Z.Əlizadə onu da əlavə edib ki, vaxt gələcək Saakaşvili qalib kimi Ukraynaya qayıdacaq:

“Saakaşvili hələ məğlub deyil. O, hələ Ukraynada son sözünü deməyib. Ukraynada böhran kəskinləşəcək və Ukrayna cəmiyyəti özü əvvəl-axır Saakaşviliyə möhtac olacaq və mən əminəm ki, o, qalib olacaq”.


Müəllif: Səxavət Həmid