17 Fevral 2018 08:45
816
12 Punto 14 Punto 16 Punto 18 Punto

08:45

Meksikada güclü zəlzələ baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Avropa Seysmoloji Mərkəzin (EMSC) məlumatında bildirilir.

Yerli vaxtla saat 17:39-da qeydə alınan və 7,2 bal gücündə olan yeraltı təkanların episentri Oaxaka ştatında Pinotepa de Don Luis şəhərindən 30 km şimal-şərqdə, ocağı isə 10 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb. Məlumata görə, bəzi yaşayış binalarında çatlar əmələ gəlib.

Yeraltı təkanlar paytaxt Mexikoda hiss olunub. İnsanlar təşviş içərisində küçəyə qaçıblar. ABŞ Geoloji Xidmətinin məlumatına görə, yeraltı təkanların maqnitudası 7,5 təşkil edib.

Güclü zəlzələdən sonra təkrar yeraltı təkanların sayı 122-yə çatıb.

Qeyd edək ki, 2017-ci il sentyabrın 7-si və 19-da Meksikada baş verən güclü zəlzələlər yüzlərlə insanın həyatına son qoyub.

***

Meksika Prezidenti Penya Nyeto fövqəladə hallar idarəsinin təcili iclasını çağırıb.

Buna səbəb Meksikanın cənubunda baş verən güclü zəlzələ olub.

Bu arada, Meksika hökuməti zəlzələnin gücünün 7,5 bal olduğunu açıqlayıb.

Güclü zəlzələdən sonra təkrar yeraltı təkanların sayı 200-ə çatıb. Onlardan ən güclüsünün Rixter şkalası üzrə 5,9 bal olduğu bildirilib.


Müəllif: Samir