26 Fevral 2018 09:15
10 211
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müasir dövrdə aydındır ki, müharibələr ancaq açıq meydanlarda aparılmır. Daha ciddi müharibə kəşfiyyat məlumatlarının əldə edilməsi, mülki cəbhədə gizli casus fəaliyyətinin aparılmasıdır.

Bu casus müharibəsində bəzən xanımlar kişilərlə müqayisədə daha uğurlu ola bilir. I Dünya müharibəsi zamanı indi adı bilinməyən və cəsədlərinin hara gömüldüyü bəlli olmayan minlərlə qadın kəşfiyyatçı və casus fəaliyyət göstərib. Üstəlik casuslar haqqında yazılanlar bunu ortaya çıxarır ki, heç də bu sahənin peşəkarları çoxlarımızın düşündüyü kimi, sərhədsiz pullar xərcləmir, əksinə, bir çox hallarda öz həyatlarını riskə atmış olurlar.

Teleqraf.com bu dəfə qadın casus haqqında məqaləni oxucularına təqdim edir.

Qadın casuslar dedikdə ağla ilk gələn ad Jasmin S. kod adlı agentdir. Söhbət həm də müasir dövrümüzdə casus fəaliyyəti göstərən xanımdan gedir. Türkiyə mətbuatı iddia edib ki, Jasmin kod adlı agent İsrailin xasusi xidmət orqanı olan MOSSAD-ın 2014-cü ildə Türkiyə ilə bağlı bütün planlarını pozub, nəticədə İsrail tərəfi ciddi irkilərə məruz qalıb.

12 nəfərlik xüsusi qrupun 9 üzvü öldürülür

Bir neçə il əvvəl MOSSAD-a aid xüsusi qruplar Türkiyə üzərində bəzi təxribatçı fəaliyyət həyata keçirmək qərarı verir. Beləcə, dünyanın aparıcı mərkəzlərinin razılığı ilə MOSSAD-a bağlı xüsusi qrup Türkiyəyə öncə 5 nəfərlik sui-qəsd dəstəsi göndərmək qərarına gəlir. İlkin olaraq bu qrupun Türkiyəyə daxil olması məqsədilə 12 nəfərlik dəstə yaradılır. Amma bu qrup Türkiyə xüsusi xidməti tərəfindən məhv edilir. 12 nəfərlik qrupun doqquz üzvü öldürülür, üçü isə sağ ələ keçirilir. Bəzi xəbərlərə görə, bu qrup Türkiyə ilə sərhəd yaxınlığında məhv edilir.

Sui-qəsd dəstəsi

Bundan sonra Türkiyədə sonuncu prezident seçkiləri ərəfəsində ölkəyə MOSSAD-ın 5 nəfərlik sui-qəsd qrupu daxil olmağa çalışır. Məqsəd seçki öncəsi ölkədə müəyyən təxribat-pozucu fəaliyyətlər həyata keçirmək, əhali arasında panika yaratmaq olur. Ancaq bu qrup da Türkiyə xüsusi xidmət orqanları tərəfindən məhv edilir.

Turist qrupu deşifrə edilir

Ancaq bu addımlar MOSSAD-ın planlarını dəyişdirmək gücündə olmur. Odur ki, İsrail kəşfiyyatı son dəfə cəhd edir. Bir qrup agentini turist olaraq Türkiyəyə göndərir. Ancaq türk kəşfiyyatı MOSSAD-ın bu qrupunu da deşifrə edərək zərərsizləşdirir.

Sonuncu hadisədən sonra MOSSAD-ın Tel Əvivdəki qərargahında əməllicə panika yaşanır. Məxfi Xidmət dərhal Tel Əvivdə Türkiyə kəşfiyyatına işləyən casus axtarışına çıxır. Düşünür ki, bu qədər qrupun məhv edilməsinin bir səbəbi ola bilər: MOSSAD daxilində Türkiyə kəşfiyyatının casusu vasitəsilə. Beləcə, MOSSAD daxilindəki köstəbəyi ifşa etmək məqsədilə daxili təhqiqatlara başlayır. Əsasən, əslən Türkiyədən olan və MOSSAD üçün çalışan şəxslər süzgəcdən keçirilir.

MOSSAD-ın türk casusu kim idi?

MOSSAD-ın daxilinə nüfuz edən və bu xüsusi xidmətin Türkiyə ilə bağlı planlarını əldə edərək Milli İstihbarət Təşkilatına sızdıran isə Jasmin.S kod adlı agent idi.

Jasmin.S əslən İzmirdən olan bir yəhudi ailəsinin qızı idi. Jasmin hadisədən düz bir il əvvəl MOSSAD agentləri arasına sıza bilmişdi. Uzun və diqqətli araşdırmalardan sonra MOSSAD Türkiyədəki bir çox yəhudi adlı şəxslərdən istifadə etdiyi kimi Jasmindən də yararlanmaq qərarına gəlmişdi. Ancaq xüsusi xidmət izmirli qız haqqında bir məsələdə səhv etmişdi. Bu da Jasminin nə dərəcədə vətənpərvər olması ilə əlaqəli idi.

Jasmin.S MOSSAD-a bağlanmazdan öncə vətənsevər biri olaraq Türkiyədə yetişdirilmişdi. İkili casusluq fəaliyyəti həyata keçirən Jasmin.S MOSSAD daxilində özünə bağlı xüsusi bir agentin vasitəsilə 2014-cü ilin 10 avqustunda Türkiyədə keçirilən prezident seçkilərindən əvvəl baş verəcək böyük bir təxribat haqqında məlumat əldə edir. Bu məlumatı özünə yaxın olan və Türkiyədə bu işi planlayan MOSSAD nümayəndəsindən alır. Təcili olaraq bu informasiyanı Türkiyəyə çatdırır. Türk xüsusi xidmət orqanı isə planlı şəkildə bu işi həyata keçirəcək qrupu məhv edir.

Casus Tel Əvivdən qaçırılır

Türkiyə xüsusi xidməti ona etibarlı və dəqiq informasiyalar verən Jasmin.S haqqında dərhal düşünür, agentinin Tel Əvivdə qalmasını onun həyatı üçün təhlükəli hesab edir. Odur ki, MOSSAD qruplarını məhv etməzdən 12 saat əvvəl Jasmin.S Tel Əvivdən götürülür. Agent dərhal yeni sənədlərlə təmin edilir və başqa bir ölkəyə keçirilir.

MOSSAD-ın Türkiyə planlarını məhv edən casusluq fəaliyyətindən sonra İsrail rəhbərliyinin MOSSAD şefi və digər kəşfiyyat rəsmiləri ilə təcili toplantı keçirdiyi iddia edilir. Baş nazirin toplantıda kəşfiyyat rəsmilərinə əsəbiləşərək “Bu, başımıza gələn ikinci böyük fəlakətdir. Bu skandalı dərhal təmizləmək lazımdır” dediyi bildirilir.

Casus model çıxdı?

Bəhs edilən casus fəaliyyətinin 2014-cü ilin aprel və avqust aylarında yaşandığı qeyd edilir. Bu hadisədən dərhal sonra Türkiyənin bəzi media qurumları Jasmin.S kod adlı agentin axtarışına çıxırlar. Bu zamansa daha maraqlı xəbər ortaya çıxır. Mətbuat Jasmin.S adlı şəxsin adının axtarışına çıxarkən bəlli olur ki, bu adda bir nəfər model saytında qeydiyyatdan keçib. Anita Forbiş adı ilə moda saytında qeydiyyatdan keçən modelin şəxsi məlumatları və fotoları da saytda mövcuddur.

Əslində, casus haqqında Türkiyə mediasında çoxsaylı informasiyalar getsə də, Jasmin.S kod adlı agentin nə fotosu, nə də gerçək adı heç vaxt hallandırılmayıb. Böyük ehtimalla, əgər belə bir casusun olduğu realdırsa, onun gerçək adı və soyadından medianın xəbər tutması ağlasığmaz olardı.

Cavad


Müəllif: Cavad