1 Mart 2018 10:43
4 664
12 Punto 14 Punto 16 Punto 18 Punto

1938-ci ildə Hitler Almaniyasının agentləri Mustafa Kamal Atatürkün sağlıq durumunun pisləşməsindən yararlanaraq, Türkiyəyə sızmağa başlayıblar. Almaniya bütün istiqamətlərdə Türkiyədə fəaliyyətini aktivləşdirib və bu, təsadüfi deyil.

Teleqraf.com xəbər verir ki, bu barədə 1938-ci ildə SSRİ-nin Ankaradakı səfiri Aleksey Terentyev Moskvaya göndərdiyi məxfi teleqramda bildirib. Səfir həyəcanla Moskvanın diqqətinə çatdırır ki, Atatürkün xəstə olduğunu fürsət bilən Hitler Almaniyası Türkiyədə fəaliyyətini gücləndirib.

Qeyd edək ki, SSRİ Xarici İşlər Nazirliyinin 1990-cı ildə nəşr etdiyi arxiv sənədlərinə görə, səfir Terentyev 17 oktyabr 1938-ci ildə Moskvaya, Xarici İşlər Nazirliyinə göndərdiyi teleqramda “Atatürkün sağlamlıq vəziyyəti o qədər pisdir ki, həm Ankara, həm də İstanbulda hökumət və dünya bu reallığı qəbul edir. Həkimin verdiyi məlumata görə, huşunu itirməsi ilə nəticələnən davamlı ağır ağrılar Atatürkü həyatının sonuna qədər yataqda qalmağa məcbur edir. Şübhəsiz ki, Atatürk artıq bir daha siyasi fəaliyyətinə qayıtmayacaq və bununla əlaqədar ölkə rəhbərliyinin xarici siyasət oriyentasiyasını yenidən gözdən keçirdiyi açıq hiss edilir” xəbərini çatdırır.

Sovet səfirinə görə, o dövrdə Avropada yaşananlar Türkiyənin hökumət və iş dünyası, ölkənin taleyi üçün qorxuya səbəb olub. Türk dairələrinin Hitler Almaniyasının “cəsarətinə heyran olduğunu” vurğulayan SSRİ-nin Ankaradakı səfiri yüzlərlə almaniyalı mütəxəssisin Türkiyənin bütün sahələrinə sızdığına diqqət çəkir:

“Atatürkün səhhətinin ümidsiz olduğunun fərqinə varan almanlar hərbi strukturlar başda olmaqla Türkiyədə bir çox sahələrdə ciddi fəaliyyət göstərirlər”.

Sovet səfiri İstanbulda nəşr edilən qəzetlərin yəhudilər əleyhinə başlatdığı kampaniyanın çoxlu sayda yəhudi mənşəli insanların narahatlığına səbəb olduğunu, bütün hərbi daşımaların almanlara verilməsi haqda xəbərlərin olduğuna diqqət çəkir.

“Hərçənd türklər öz müstəqil siyasət ənənələrindən bəhs edirlər, lakin almanların Türkiyə istiqamətli müstəmləkəçi davranışları hər yerdə özünü açıq-aşkar göstərir. Almanlar Türkiyənin əsas bölgələrində möhkəmlənməyə çalışırlar. Alman kreditləri Türkiyəni nasist Almaniyasının qucağına itələnməsini sürətləndirən əsas amildir”, - deyə səfir Aleksey Terentyev Moskvaya təcili xəbərdarlıq edir.

SSRİ-nin Ankaradakı baş diplomatının təsbitlərinə görə, Türkiyə rəhbərlərinin bu cür davranışları ölkənin müxtəlif seqmentlərində narahatlıqlara yol açır.

Cavad


Müəllif: Cavad