13 Mart 2018 14:16
3 079
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Məhkəmə Sisteminin rəisi Sadıq Laricani jurnalistlərə açıqlamasında məcburi hicaba qarşı çıxan qadınları “fahişəliyi yaymaq”da günahlandırıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, hicabsızlığı “haram və yolverilməz addım” kimi qiymətləndirib:

“Hicaba riayət etməmək bir növ fahişəliyi yaymaqdır. Ölkə qanunlarına görə, hicaba riayət olunması vacib məsələlərdən biri sayılır. Hicab məsələsində bəzi gənclər səhvə yol verə bilər. Bunu başa düşmək olar.

Hicabın vacib olub-olmamasını müəyyənləşdirmək üçün ölkədə referendum keçirilməsini təklif edənlərin məntiqini qəbul etsək, sabah həmin şəxslər belə bir məntiqlə araq satan mağazaların, eyş-işrət, əyyaşlıq və fitnə-fəsad mərkəzlərinin, eləcə də fahişəxanaların da sərbəst fəaliyyət göstərməsi üçün referendum keçirilməsini tələb edə bilərlər. Bu isə qəbuledilməzdir”.

Xatırladaq ki, qadınların məcburi hicaba qarşı dinc etirazına təxminən iki ay yarım əvvəl start verilib. Vida Müvəhhid adlı 31 yaşlı qadın Tehranın İnqilab küçəsində baş örtüyünü açaraq hakimiyyətin qadınlara zorla qəbul etdirdiyi hicaba öz etirazını bildirib. O, göstərdiyi bu şücaətinə görə sosial şəbəkələrdə “İnqilab küçəsinin qızı” adı ilə məşhurlaşıb.


Müəllif: Samir