17 Mart 2018 09:54
1 505
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bizim ölkəmiz nüvə silahına malik olmaq haqqında düşünmür. Amma İran nüvə silahına malik olarsa, bu zaman şübhəsiz ki, biz qısa müddətdə eynisinə sahib olacağıq.

Teleqraf.com xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman deyib.

Vəliəhd şahzadəsi İranın Ali dini lideri Ayətullah Seyid Xameneyini noyabrda hansı səbəblərdən Hitlerə oxşatdığını da açıqlayıb: “O, Orta Şərqdə özünün proyektini həyata keçirmək istəyir. Lap zamanında genişlənmək istəyən Hitler kimi. Dünya, eləcə də Avropa ölkələri bunları yaşamadan Hitlerin nə qədər təhlükəli olduğunun fərqinə varmamışdı. Mən bu tarixin Orta Şərqdə yaşanmasını istəmirəm”.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı 1988-ci ildə nüvə silahının yayılmaması haqqında anlaşmaya qoşulub. Ancaq mediada dəfələrlə Səudiyyə Ərəbistanının nüvə silahına malik olmaq niyyəti haqda xəbərlər dərc olunub.

Xatırladaq ki, İsrailin sabiq hərbi kəşfiyyatçısı Amos Yadlin hələ 2013-cü ildə İsveçdə keçirilən konfrans zamanı İran nüvə silahına malik olarsa, Səudiyyə Ərəbistanının bir ay gözləməyəcəyini, hazırda Səudiyyənin bir nüvə bombasının pulunu ödədiyini və ehtiyac olacağı təqdirdə onu Pakistandan gətirəcəyini deyib.


Müəllif: Cavad