16 Mart 2018 23:46
1 446
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın xarici işlər naziri Baris Conson Rusiyanın Londondakı səfiri Aleksandr Yakovenkonun əlini sıxmaqdan imtina edib.

Teleqraf.com "Ria.ru"ya istinadən xəbər verir ki, bu barədə səfirin özü açıqlama verib. Aleksandr Yakovenko sonuncu görüşündə B.Consonun protokol qaydalarına zidd olaraq onun əlini sıxmadığını bildirib. O, baş verənlərə sakit reaksiya verdiyini bildirib.

"Böyük Britaniyada səfirlərin XİN-ə çağırılması ilə bağlı protokol qaydası var. Təbii ki, o, Rusiyanın siyasəti ilə bağlı özünün qəzəbini nümayiş etdirdi. O, mənə xoşagəlməz şeylər haqqında danışmalı idi. Mən bunları sakit qarşıladım. Eyni zamanda baş verənlərlə bağlı mənim ona sual ünvanlamaq imkanım oldu. Britaniya parlamentində Rusiyaya qarşı kiberhücumla bağlı qaldırılan məsələ barədə nazirə sual verdim. O, cavab vermədi. Sadəcə dedi ki, ola bilsin ki, mən nəyisə düzgün başa düşməmişəm", deyə Yakovenko bildirib.

Xatırladaq ki, martın 4-də Böyük Britaniyanın cənubundakı Solsberi şəhərində Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş polkovniki Sergey Skripal və onun qızı Yuliyaya qarşı əsəb-iflic qazı vasitəsilə hücum həyata keçirilib. Onlar şəhərdə huşsuz vəziyyətdə tapılaraq xəstəxanaya çatdırılıblar.

Hadisə ilə əlaqədar Rusiyanın Britaniyadakı 23 diplomatını ölkədən çıxarmaq barədə qərar qəbul edilib.


Müəllif: Ruslan