11 Avqust 2014 12:19

İsveç Azərbaycanlıları Konqresi (İAK) Dağlıq Qarabağ münaqişəsi ətrafında gərginliyin artması ilə bağlı İsveçin siyasi partiyaları və hökumətinə müraciət edib

Qurumdan Teleqraf.com-a verilən məlumata görə, İsveçin siyasi partiyalarının rəhbərlərinə, xarici işlər nazirinə və Riksdaq (parlament) sədrinə göndərilmiş məktubda Ermənistan silahlı qüvvələrinin diversiyaları nəticəsində Azərbaycan əsgərlərinin ölümündən və davamlı şəkildə Azərbaycan ərazilərinin atəşə məruz qalmasından dərin narahatlıq ifadə olunub.


İAK nümayəndələri müraciətdə qeyd ediblər ki, Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildən davam edir və Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin davamlı pozulması yalnız münaqişənin dərinləşməsinə xidmət edir.


“Avropa ölkələrinin, xüsusilə də İsveçin bu münaqişənin həllində hər hansı təşəbbüslə çıxış etməməsi, İsveç XİN başçısı Karl Bildtin ziddiyyətli açıqlamaları, həmçinin Avropanın bəzi siyasi strukturlarının ikili standarta əsaslanan davranışları İsveç Azərbaycanlıları Konqresini narahat edir”, – deyə müraciətdə bildirilir.


Müraciətdə əlavə olunub ki, İAK təmsilçiləri bu münaqişənin tezliklə beynəlxalq hüquq normalarına uyğun şəkildə həllini tapmasının tərəfindədir: “Lakin İsveç siyasətçilərinin digər avropalı həmkarları kimi məsələyə passiv münasibəti, danışıqlar prosesinə neqativ təsir göstərir. Bu səbəbdən, İAK İsveç parlamentini və hökumətini təcili tədbirlər görməyə çağırır ki, münaqişə bölgəsində hərbi əməliyyatlar başlamasının qarşısı alınsın, həmçinin BMT-nin dörd qətnaməsinə əməl etmək və Azərbaycanın ərazilərini boşaltmaq barədə Ermənistan tərəfinə təzyiqlər edilsin”.

Müraciətin surəti İsveç KİV-lərinə də göndərilib.


Müəllif:
Загрузка...